Kim Çen Inın 50 metrlik hovuzu olan lüks yaxtası üzə çıxdı

“BBC”nin peyk görüntüləri əsasında apardığı araşdırmada Şimali Koreya lideri Kim Çen Inın iqamətgahı yaxınlığında 80 metr uzunluğunda lüks yaxta aşkarlanıb. Gəminin göyərtəsində 50 metrlik hovuz və su sürüşkənləri yerləşir.

15

Şimali Koreya lideri Kim Çen Inın ailəsinin yay iqamətgahı yaxınlığında nəhəng hovuz və su sürüşkənləri ilə təchiz olunmuş lüks yaxta aşkarlanıb. Peyk görüntülərinə əsasən, gəminin uzunluğu 80 metr, göyərtəsindəki hovuzun uzunluğu isə 50 metr təşkil edir.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “BBC” telekanalı oktyabrın 17-də dərc etdiyi araşdırmada məlumat yayıb. Jurnalistlər Şimali Koreyanın şərq sahilində yerləşən Vonsan şəhəri ətrafının peyk görüntülərini təhlil ediblər.

Araşdırmaya əsasən, 80 metr uzunluğundakı lüks gəmi iyulun əvvəlindən oktyabrın ortalarınadək Vonsan sahillərində dəfələrlə müşahidə olunub. Onun ən diqqətçəkən xüsusiyyəti üst göyərtədə yerləşən dörd zolaqlı, 50 metrlik hovuz və hovuzun bir tərəfində quraşdırılmış su sürüşkənləridir.

Gəminin bir neçə ay texniki xidmət müəssisəsində saxlanıldıqdan sonra iyulun əvvəlində Kalma yarımadası yaxınlığına aparıldığı müəyyən edilib.

Sözügedən ərazi Kim Çen In və ailəsinin istifadə etdiyi geniş yay iqamətgahının yaxınlığında yerləşir.

“BBC”nin araşdırması zamanı bölgədə ümumilikdə dörd böyük gəmi müəyyənləşdirilib. Onların uzunluqları təxminən 50, 55, 60 və 80 metrdir.

Peyk görüntülərində bəzi gəmilərin Vonsan yaxınlığındakı adalar arasında hərəkət etdiyi, daha kiçik qayıqların isə onlara yaxınlaşdığı müşahidə olunub.

Mütəxəssislərin fikrincə, kiçik qayıqlardan böyük gəmilərə sərnişinlərin, yanacağın və digər təchizatın daşınması üçün istifadə oluna bilər.

Araşdırmada Şimali Koreyanın keçmiş rəsmiləri və ölkəni tərk etmiş şəxslərin də fikirlərinə yer verilib. Onların sözlərinə görə, ölkənin siyasi rəhbərliyi ilə əlaqəsi olmayan şəxslərin bu miqyasda lüks gəmilərə sahib olması və onlardan sərbəst istifadə etməsi olduqca çətindir.

Bununla belə, gəmilərin birbaşa Kim Çen Ina məxsus olduğu rəsmən təsdiqlənməyib. Onların liderin iqamətgahı ətrafında mütəmadi müşahidə olunması Kim ailəsi tərəfindən istifadə edilməsi ehtimalını gücləndirir.

Araşdırmada gəmilərin dəqiq qiyməti açıqlanmayıb. Lakin oxşar ölçüdə lüks yaxtaların dəyəri on milyonlarla dollardan 100 milyon dolları ötən məbləğlərədək dəyişə bilər.

“BBC” qeyd edir ki, bu cür dəbdəbəli istirahət imkanları Şimali Koreya əhalisinin böyük hissəsinin gündəlik həyat şəraitindən kəskin şəkildə fərqlənir.

BMT-nin 2025-ci il hesabatına əsasən, ölkədə ciddi insan hüquqları məhdudiyyətləri, məcburi əmək və ərzaq çatışmazlığı problemləri qalmaqdadır. Əhalinin təxminən 40 faizinin kifayət qədər qidalanmadığı bildirilir.

Peyk görüntüləri Şimali Koreyanın siyasi elitasının qapalı həyat tərzinə dair yeni məlumatlar təqdim etsə də, gəmilərin mülkiyyəti və onlardan konkret kimlərin istifadə etdiyi barədə bütün suallara cavab vermir.