Meksikanın paytaxtı Mexiko şəhərində 27 yaşlı Karolina Flores Qomes yaşadığı mənzildə başından güllə yarası ilə ölü tapılıb. Yerli və beynəlxalq mənbələrin məlumatına görə, o, 2017-ci ildə “Miss Teen Universe Baja California” – “Kainat Gənclər Gözəli” titulunu qazanmışdı. Hadisə əvvəlcə qəsdən adamöldürmə kimi araşdırılsa da, sonradan işə femisid protokolu da tətbiq olunub.
MSNews.az xəbəri “El Pais” nəşrinə istainadən verir.
Hadisə ilə bağlı əsas şübhəli kimi onun qayınanası Erika Mariya N. göstərilir. “El País” yazır ki, istintaq materiallarında cinayət anını əks etdirdiyi deyilən video da var və ictimai təzyiqdən sonra prokurorluq işi daha ağır hüquqi çərçivədə araşdırmağa başlayıb. Nəşrin məlumatına görə, şübhəli qadın hazırda qaçaq vəziyyətdədir və hələlik saxlanılmayıb.
Meksikanın “Reporte Índigo” nəşri isə 23 aprel tarixli materialında Erika Mariya N.-ə qarşı femisid maddəsi ilə həbs qərarının artıq hazır olduğunu yazıb. Həmin xəbərə əsasən, zərərçəkənin həyat yoldaşı ifadəsində hücumu anasının törətdiyini bildirib.
İşin rezonans doğurmasının səbəblərindən biri də hadisənin dərhal bildirilməməsi və istintaqın ilkin mərhələsində yaranan suallardır. “El País” qeyd edir ki, cinayət 15 aprel tarixində baş verib, lakin məlumatın gec verilməsi və ilkin hüquqi təsnifat cəmiyyətdə ciddi narazılıq yaradıb. Həm ailə, həm də qadın hüquqları fəalları işin tam və şəffaf araşdırılmasını tələb edir.