Nepal və Çinin Tibet bölgəsi arasındakı sərhəd zonasında baş verən fəlakətli daşqınlarda ölənlərin ümumi sayı azı 676 nəfərə, itkin düşənlərin sayı isə təxminən 3 min nəfərə çatıb.
MSNews.az xəbər verir ki, “Associated Press” Nepalın Fəlakətlərin İdarə Edilməsi Agentliyinə istinadən ölkədə 669 nəfərin öldüyünü, 2426 nəfərin isə itkin düşdüyünü bildirib. Çin tərəfi Tibetdə daha 7 nəfərin öldüyünü və 554 nəfərin taleyinin naməlum qaldığını açıqlayıb.
“Reuters” yazır ki, itkinlər arasında ən azı 540 xarici ölkə vətəndaşı var. Onların əksəriyyəti bölgədə çalışan şəxslər, turistlər və dini ziyarətçilərdir.
Fəlakət avqustun 26-da Himalay dağlarında buzlaqın bir hissəsinin çökməsindən sonra başlayıb. Nəhəng buz, daş, palçıq və su kütləsi dağ çayları boyunca hərəkət edərək yaşayış məntəqələrini, körpüləri, yolları və elektrik stansiyalarını dağıdıb. Xüsusilə Nepalın Rasuva və Nuvakot rayonları, eləcə də Tibetdəki Qyironq sərhəd-keçid məntəqəsi ağır zərər görüb.
Daşqından sonra Nepalda 3700-dən çox insan xilas edilib. “Associated Press” bildirir ki, hərbi helikopterlərlə zərərçəkən ərazilərdən insanların təxliyəsi, eyni zamanda ərzaq, geyim və digər humanitar yardımların çatdırılması davam edir. Rasuva rayonundakı “Upper Trishuli-1” hidroenergetika layihəsinin tunelində 100-dən çox insanın qala biləcəyi ehtimal olunur və burada xüsusi xilasetmə əməliyyatı aparılır.
Baş nazir Balendra Şah daha əvvəl xilasetmə əməliyyatlarına 13 295 təhlükəsizlik əməkdaşının cəlb edildiyini, əməliyyatların ilk mərhələsində 69 uçuşla 573 nəfərin təxliyə olunduğunu açıqlamışdı. Bu rəqəmlər sonrakı günlərdə genişlənən əməliyyatların ilkin göstəriciləri olub.
Fəlakət zonasındakı əsas təhlükələrdən biri daşqının yaratdığı təbii bəndlərin arxasında formalaşan göllərdir. Bununla belə, son məlumatlara görə, ən çox narahatlıq doğuran göllərdən birində suyun səviyyəsi azalır. “Reuters” Çin rəsmilərinə istinadən bildirir ki, gölün sahəsi cümə axşamı 120 min kvadratmetrdən şənbə günü 99 min kvadratmetrə düşüb. Buna görə ikinci böyük daşqın riski əvvəlki günlərlə müqayisədə azalıb, lakin təhlükə tam aradan qalxmayıb.
Buzlaqın çökməsinin dəqiq səbəbi isə hələ müəyyən edilməyib. “Reuters” tərəfindən təsdiqlənmiş görüntülərdə Langtang Lirung zirvəsi yaxınlığında buzlaqın aşağı hissəsinin qopduğu görünür. Mütəxəssislər mümkün səbəblər arasında yüksək temperaturun təsirini və seysmik amilləri araşdırırlar.
Nepal hökuməti tunellərdə xilasetmə, itkinlərin aşkarlanması, DNT analizi və dağıdılmış nəqliyyat-rabitə infrastrukturunun bərpası üçün xarici texniki yardım istəyib. Hindistan və Çin artıq xüsusi mütəxəssislər göndərib, Yaponiya, Avstraliya və digər ölkələrdən də humanitar yardım daxil olur.






