Almaniyada uşaqlar üçün yeni pensiya sistemi: Hər ay 10 avro ayrılacaq

Almaniya Bundestaqı uşaqlar üçün “Erkən pensiya” proqramını təsdiqləyib. Yeni sistemə əsasən, dövlət uşaqların gələcək pensiya yığımlarına hər ay 10 avro köçürəcək. Vəsait investisiya edilərək illər ərzində artırılacaq.

10

Almaniyada uşaqların gələcək pensiya təminatını gücləndirmək məqsədilə yeni yığım sisteminin tətbiqinə qərar verilib. Bundestaqın təsdiqlədiyi “Erkən pensiya” (Frühstartrente) proqramına əsasən, dövlət uşaqların fərdi investisiya hesablarına hər ay 10 avro vəsait köçürəcək.

MSNews.az xəbər verir ki, Almaniya parlamenti oktyabrın 16-da keçirilən iclasda federal hökumətin hazırladığı qanun layihəsini qəbul edib. Hakim Xristian Demokratlar/Xristian Sosiallar İttifaqı və Sosial Demokrat Partiyası (SPD) təşəbbüsü dəstəkləyib, Yaşıllar Partiyası və Sol Partiya əleyhinə səs verib, Almaniya üçün Alternativ (AfD) isə bitərəf qalıb.

Proqrama əsasən, Almaniyada yaşayan uşaqlar 6 yaşından 18 yaşınadək hər ay dövlət tərəfindən 10 avro, yəni ildə 120 avro məbləğində pensiya yığımı dəstəyi alacaqlar.

Vəsait uşağın adına açılmış xüsusi investisiya hesabına köçürüləcək. Pulun sadəcə bank hesabında saxlanılması deyil, uzunmüddətli investisiyalar vasitəsilə artırılması nəzərdə tutulur.

İlkin mərhələdə proqram 2020-ci ildə doğulmuş uşaqları əhatə edəcək. Sonrakı illərdə altı yaşı tamam olan yeni yaş qrupları da sistemə qoşulacaq.

Valideynlər, nənələr və babalar uşağın hesabına əlavə vəsait yatırmaq imkanı əldə edəcəklər. Qanun layihəsinə əsasən, könüllü ödənişlərin illik yuxarı həddi 6 840 avro təşkil edəcək.

Almaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, illik orta hesabla 7 faiz investisiya gəlirliliyi olduğu təqdirdə, yalnız dövlətin ayırdığı məbləğ hesabına uşağın 18 yaşına qədər hesabında təxminən 2 200 avro toplana bilər.

Bu vəsait 18 yaşdan sonra əlavə ödəniş edilmədən investisiya olunmağa davam edərsə, 65 yaşa çatdıqda təxminən 53 min avroya yüksələ bilər.

Valideynlər hər ay əlavə 10 avro yatırdıqları halda isə həmin məbləğin pensiya yaşına qədər təxminən 107 min avroya çatması mümkündür.

Bununla belə, Maliyyə Nazirliyi vurğulayır ki, bu göstəricilər zəmanətli gəlir deyil, nəzəri hesablamalardır. İnvestisiyaların real gəlirliliyi bazar şəraitindən asılı olacaq. Hesablamalarda inflyasiyanın və pensiya ödənişi zamanı tətbiq ediləcək vergilərin təsiri nəzərə alınmayıb.

Proqramın əsas məqsədlərindən biri uşaqlarda və ailələrdə uzunmüddətli yığım və investisiya mədəniyyətini formalaşdırmaqdır. Almaniya hökuməti bu addımla gələcək nəsillərin yalnız dövlət pensiyasından asılılığını azaltmağı və əlavə maliyyə təminatını gücləndirməyi hədəfləyir.

Yeni sistemin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır. Bununla belə, 2020-ci il təvəllüdlü uşaqlar üçün dövlət ödənişlərinin 2026-cı ilin əvvəlindən geriyə hesablanması nəzərdə tutulub.

Qeyd edək ki, qanun layihəsi Bundestaqda qəbul olunsa da, qanunvericilik proseduru hələ tam başa çatmayıb. Sənədin Bundesrat tərəfindən də təsdiqlənməsi tələb olunur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.