İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin sabiq Prezidenti Barak Obamanın İsrailin Fələstin torpaqlarını ələ keçirməsi və Yaxın Şərq münaqişəsində mənəvi üstünlüyünü itirməsi barədə fikirlərinə sərt cavab verib. Netanyahu yəhudilərin bölgədə işğalçı olmadığını və həmin ərazilərin onların tarixi vətəni olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Netanyahu oktyabrın 16-da yayımladığı videomüraciətdə Obamanın bir neçə gün əvvəl Şimali İrlandiyada səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bu barədə “The Times of Israel” və “ANSA” məlumat yayıb.
İsrailin hökumət başçısı Obamanın açıqlamalarını qəbuledilməz hesab etdiyini vurğulayaraq ölkəsinin tarixi mövqeyini müdafiə edib.
“Bu günlərdə olduqca qəribə bir bəyanat eşitdim. Orada deyilirdi ki, guya İsrail torpaqları qəsb edir və mənəvi üstünlüyünü itirir. İcazə verin, buna cavab verim”, – deyə Netanyahu bildirib.
“Yəhudi xalqı əcdadlarının torpağında əcnəbi işğalçı deyil. Bizim tariximiz müstəmləkə layihəsi deyil. Bizim torpağımız qəsb olunmuş torpaq deyil. Bura bizim vətənimizdir. Bura İudeya adlanır”, – deyə Baş nazir qeyd edib.
Netanyahu yəhudi xalqının regionla minilliklərə söykənən tarixi bağlılığını vurğulayaraq İsrailin mövcudluğunun müstəmləkəçiliklə müqayisə edilməsini rədd edib.
O, daha əvvəlki çıxışlarında da oxşar mövqeyini ifadə edərək yəhudiləri Konqodakı belçikalılar və İndoneziyadakı hollandlarla müqayisə etməyin düzgün olmadığını söyləyib.
“Anadolu Agentliyi”nin məlumatına görə, sabiq ABŞ Prezidenti İsrailin yaranması və Fələstin məsələsinin tarixi nəticələrindən danışaraq fələstinlilərin torpaqlarının əllərindən alındığını bildirib.
Netanyahu isə buna cavab olaraq İsrailin mövcudluq hüququnun müzakirə mövzusu ola bilməyəcəyini və sülhə əsas maneənin İsraili tanımaqdan imtina edən qüvvələr olduğunu iddia edib.
Qeyd edək ki, İsrailin Fələstin ərazilərindəki fəaliyyəti beynəlxalq hüquq baxımından da mübahisələrin mərkəzindədir. Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü ildə verdiyi məsləhətçi rəydə İsrailin işğal olunmuş Fələstin ərazilərində davam edən mövcudluğunu qanunsuz hesab edib.
Netanyahunun tarixi bağlılıq barədə arqumentləri İsrailin siyasi mövqeyini əks etdirsə də, bu, işğal olunmuş Fələstin ərazilərinin beynəlxalq hüquqi statusunu dəyişmir.