Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib. Qərar Xəzər dənizində keçirilən hərbi təlim zamanı 14 qazaxıstanlı hərbçinin həlak olmasından üç gün sonra verilib.
MSNews.az xəbər verir ki, prezidentin 27 sentyabr tarixli sərəncamında Kosanovun müdafiə naziri vəzifəsindən azad edildiyi bildirilib. Qərarın rəsmi mətnində istefanın səbəbi ayrıca göstərilməyib. Tokayev daha sonra Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aydos Mırzaxmetovu yeni müdafiə naziri təyin edib.
Faciə sentyabrın 24-də Manqistau vilayətində “Xəzər Qorğanı – 2026” hərbi təlimləri zamanı baş verib. 17 hərbçi “Kaysar” gəmisindən sahilə çıxarkən hava şəraitinin qəfil pisləşməsi və güclü külək nəticəsində dənizə sürüklənib. Onlardan üçü xilas edilib, 14-ü isə həyatını itirib.
Hadisədən sonra Tokayev sentyabrın 25-ni ölkədə milli matəm günü elan edib və faciənin səbəblərinin araşdırılmasını tapşırıb. Daha sonra Müdafiə Nazirliyində vəziyyətin kompleks yoxlanılması üçün ayrıca komissiya yaradılıb.
Araşdırma çərçivəsində xidməti səhlənkarlıq və gəmi idarəetmə qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb. Beş Müdafiə Nazirliyi əməkdaşı, o cümlədən Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi – baş komandanın birinci müavini saxlanılıb. İlkin araşdırmada hava şəraitinin pisləşməsi zamanı şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülmədiyi ehtimal olunur.