Kolumbiya hökuməti İran İslam Respublikası ilə diplomatik münasibətləri rəsmən kəsib. Boqotanın Xarici İşlər Nazirliyi qərarın sentyabrın 19-dan qüvvədə olduğunu, onun milli və regional təhlükəsizlik, eləcə də transmilli cinayətkarlıqla mübarizə mülahizələri əsasında qəbul edildiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, qərar sentyabrın 24-də ictimaiyyətə açıqlanıb. Kolumbiya XİN İran hökumətinin beynəlxalq terror təşkilatları və ölkənin təhlükəsizliyinə təhdid yaradan digər “narkoterrorçu” qruplarla ehtimal olunan əlaqələrini qərarın səbəblərindən biri kimi göstərib.
Boqota, həmçinin İran daxilində insan hüquqlarının pozulması, Yaxın Şərqdə münaqişənin tərəfi olmayan ölkələrə qarşı hücumlar, Hörmüz boğazının blokadaya alınması və Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramını yoxlamaq fəaliyyətinə maneələrin yaradılmasını münasibətlərin kəsilməsinə gətirib çıxaran amillər sırasında sadalayıb. Bunlar Kolumbiya hökumətinin rəsmi bəyanatında irəli sürdüyü əsaslandırmalardır.
Bununla belə, qərar konsulluq münasibətlərinin kəsilməsi demək deyil. Kolumbiya XİN Vyana konvensiyalarına istinad edərək konsulluq əlaqələrinin saxlanacağını bildirib. İran tərəfinə bundan sonrakı diplomatik prosedur barədə ayrıca məlumat veriləcək.
Eyni gün Kolumbiya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) da terror təşkilatı elan edib. Boqota qurumun beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratdığını bildirib və onunla əlaqəli şəxslərin Kolumbiyaya girişinin qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirəcəyini açıqlayıb.
Qərar prezident Abelyardo de la Esprielya administrasiyasının hakimiyyətə gəlməsindən sonra Kolumbiyanın Yaxın Şərq siyasətində baş verən geniş dəyişikliklərin fonunda qəbul edilib. Yeni hökumət avqustun 11-də İsraillə diplomatik münasibətlərin bərpası və gücləndirilməsi barədə qərar verib. Sentyabrda iki ölkə arasında turistlər üçün qarşılıqlı viza azadlığı da yenidən qüvvəyə minib.
Əvvəlki prezident Qustavo Petro hökuməti 2024-cü ilin mayında Qəzzadakı müharibəyə etiraz olaraq İsraillə diplomatik münasibətləri kəsmişdi. De la Esprielya administrasiyasının hakimiyyətə gəlməsindən sonra isə Boqota İsraillə siyasi, təhlükəsizlik və iqtisadi əməkdaşlığın yenidən genişləndirilməsinə başlayıb.