Müharibənin uzanması həm Putin, həm də Zelenskiyə siyasi vaxt qazandırır – ŞƏRH

Siyasi araşdırmaçı Pərviz Əliyev Rusiya-Ukrayna müharibəsinin uzanmasının Moskva və Kiyevdə mövcud siyasi hakimiyyətlərin maraqlarına necə təsir etdiyini şərh edib.

56

Siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin uzanması təkcə hərbi proseslərlə deyil, Moskva və Kiyevdə mövcud hakimiyyətlərin siyasi maraqları ilə də əlaqələndirilə bilər.

MSNews.az-a təqdim olunan şərhdə Əliyev Ukraynada hərbi vəziyyət davam etdiyi müddətdə prezident seçkilərinin keçirilməsi və hakimiyyətin ötürülməsi məsələsinin təxirə salındığını diqqətə çatdırıb.

Onun fikrincə, bu vəziyyət Prezident Volodimir Zelenski üçün siyasi baxımdan əlavə vaxt yaradır:

“Müharibə davam etdiyi və hərbi vəziyyət qüvvədə olduğu müddətcə tam seçki dövrü və hakimiyyətin ötürülməsi məsələsi təxirə salınır. Zelenskinin mandatı məhz hərbi vəziyyət çərçivəsində davam edir.”

Siyasi araşdırmaçı müxtəlif dövrlərdə Kiyev tərəfindən irəli sürülən “sülh formulu”, “qələbə planı” və danışıqlarla bağlı təşəbbüsləri də eyni siyasi prosesin müxtəlif mərhələləri kimi qiymətləndirir.

Əliyevin qənaətinə görə, oxşar siyasi məntiq Rusiya hakimiyyəti üçün də keçərlidir:

“Müharibə davam etdikcə Putin və Zelenski hakimiyyətdə vaxt qazanırlar.”

O qeyd edib ki, müharibənin uzanmasının əsas yükünü isə hər iki ölkənin, xüsusilə də döyüşlərin davam etdiyi Ukraynanın əhalisi daşıyır. Əliyev insan itkilərini, infrastrukturun dağıdılmasını və iqtisadi tükənməni münaqişənin əsas nəticələri sırasında göstərib.

Araşdırmaçının fikrincə, hazırkı mərhələdə əsas siyasi suallardan biri müharibənin başa çatdırılması zərurəti ilə fövqəladə siyasi şəraitin qorunmasından yaranan maraqlar arasındakı ziddiyyətdir.

Qeyd edək ki, bunlar siyasi araşdırmaçı Pərviz Əliyevin şəxsi təhlil və qiymətləndirmələridir və tərəflərin müharibəni qəsdən uzatmasına dair fikirlər onun siyasi mövqeyi kimi təqdim olunur.