Çin Prezidenti Si Cinpin beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq Pekinin Şimali Koreya ilə ənənəvi dostluğa verdiyi əhəmiyyətin dəyişməyəcəyini bildirib.
MSNews.az xəbər verir ki, Si Cinpin və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 65-ci ildönümü münasibətilə təbrik məktubları mübadiləsi aparıblar.
Bu barədə “Xinhua” məlumat yayıb.
Si Cinpin məktubunda Çinin Şimali Koreya ilə ənənəvi dostluğa böyük əhəmiyyət vermək, Kim Çen Inın rəhbərliyi altında ölkənin sosialist inkişafını dəstəkləmək və tərəflərin ortaq strateji maraqlarını qorumaq mövqeyinin dəyişməz qalacağını vurğulayıb. O, regional sülh və inkişafa töhfə vermək üçün strateji əlaqələrin daha da gücləndirilməsinə çağırıb.
Kim Çen In isə Çinlə dostluq və əməkdaşlığın mürəkkəb beynəlxalq şəraitdə “yeni strateji səviyyəyə” yüksəldiyini bildirib. Şimali Koreya liderinin sözlərinə görə, bu münasibətlər iki ölkənin suverenlik, təhlükəsizlik və inkişaf maraqlarının qorunmasına xidmət edir.
Kim həmçinin Çin–Şimali Koreya münasibətlərini sosialist dövlətlər arasındakı ən güclü və strateji əməkdaşlıq nümunələrindən birinə çevirmək niyyətini ifadə edib. Hər iki lider münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə genişləndirilməsinin vacibliyini qeyd edib.
“Reuters” bildirir ki, məktub mübadiləsi Şimali Koreyanın baş naziri Pak Thae Sonqun Pekinə üçgünlük səfəri ilə eyni dövrə təsadüf edib. Səfər 1961-ci il iyulun 11-də imzalanmış dostluq müqaviləsinin ildönümü tədbirləri çərçivəsində həyata keçirilib.
Si Cinpin iyunda son yeddi ildə ilk dəfə Şimali Koreyaya səfər etmiş, Kim Çen Inla keçirilən danışıqlarda siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunmuşdu. Çin–Şimali Koreya müqaviləsi Pekinin qüvvədə olan yeganə qarşılıqlı müdafiə sazişi hesab olunur.