İndra Nuyinin Hindistan sözləri müzakirə yaratdı

“PepsiCo”nun sabiq rəhbəri İndra Nuyi Hindistanı “xaotik ölkə” adlandıraraq ölkənin cəlbedici tərəfinin də məhz, bu qarışıqlıqda olduğunu deyib. Onun sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

13

“PepsiCo”nun sabiq rəhbəri İndra Nuyinin Hindistanla bağlı açıqlaması sosial şəbəkələrdə geniş müzakirə yaradıb.

MSNews.az xəbər verir ki, Nuyi ABŞ-ın sabiq dövlət katibi Kondoliza Raysla söhbəti zamanı Hindistan və Çini müqayisə edib. “India Today”-in məlumatına görə, Nuyi Çinin xarici turistlər üçün daha nizamlı və asan anlaşılır göründüyünü, Hindistanın isə daha mürəkkəb və xaotik təcrübə yaratdığını bildirib. Onun sözlərinə görə, Hindistanı qəbul edən insanlar bu dinamikanı sevir və ölkəyə yenidən qayıtmaq istəyirlər.

Nuyi Hindistanla bağlı danışarkən ölkənin əsas cazibəsinin də məhz, bu qarışıqlıqda olduğunu deyib. “ThePrint” yazır ki, o, Hindistanı “xaotik ölkə” adlandırıb və bu xaosu “asılılıq yaradan” təcrübə ilə müqayisə edib. Nuyi həmçinin bildirib ki, nizam-intizam və tam təmizlik gözləyən insanlar üçün Hindistanı qəbul etmək çətin ola bilər.

Açıqlamada Hindistan yollarında avtomobillərlə yanaşı inəklərin hərəkət etməsi də nümunə kimi çəkilib. “The Times of India” qeyd edir ki, Nuyinin bu sözləri bir qrup sosial media istifadəçisi tərəfindən Hindistan reallığının açıq təsviri kimi qarşılanıb, digərləri isə xaos və ictimai nizam problemlərinin romantikləşdirilməsini tənqid edib.

Söhbət Huver Institutunun “Only in America” adlı müsahibə layihəsi çərçivəsində baş tutub.

Qeyd edək ki, İndra Nuyi Hindistan əsilli amerikalı biznes rəhbəridir. İndra Nuyinin rəsmi saytında qeyd olunur ki, o, 2006-2019-cu illərdə “PepsiCo”nun sədri və baş icraçı direktoru olub.