Çin Arktika üzərindən Avropaya ilk müntəzəm yük xəttini açıb

Çinin “Sea Legend” şirkəti Şimal dəniz marşrutu ilə Avropaya ilk müntəzəm mövsümi konteyner xidmətinə başlayıb. “Dubai Tower” gəmisi Ninbodan Britaniyanın Felikstou limanına doğru yola çıxıb.

56

Çin Arktika suları vasitəsilə Asiya ilə Avropa arasında ilk müntəzəm mövsümi konteyner daşıma xidmətini işə salıb. Yeni marşrut Rusiyanın şimal sahilləri boyunca uzanan Şimal dəniz yolundan istifadə etməklə Çin-Avropa daşımalarının müddətini təxminən yarıya endirməyi hədəfləyir.

MSNews.az xəbər verir ki, “The Wall Street Journal” Çin logistika şirkəti “Sea Legend”in “Arctic Express” adlandırdığı xəttin avqustun 15-də fəaliyyətə başladığını yazıb. 1740 TEU tutumlu “Dubai Tower” konteyner gəmisi Ninbo-Cjouşan limanından Böyük Britaniyanın Felikstou limanına doğru yola çıxıb.

Şirkətin yayımladığı cədvələ görə, 2026-cı il Arktika naviqasiya mövsümündə 8 ardıcıl reys nəzərdə tutulub. İlk reys avqustun 15-də başlayıb, sonuncu gəminin isə oktyabrın 3-də Çindən çıxması və oktyabrın 24-də Felikstouya çatması planlaşdırılır. “Sea Legend” ötən il eyni istiqamətdə sınaq reysi keçirərək Çinlə Avropa arasındakı yolu təxminən 20 günə qət etmişdi. Bu il xidmət artıq həftəlik qrafik əsasında təşkil olunur.

Yeni xəttin iqtisadi cəlbediciliyini bir neçə amil artırır. “The Wall Street Journal” qeyd edir ki, Arktikada yay buzlarının sahəsi son beş onillikdə təxminən yarıya qədər azalıb. Eyni zamanda Qırmızı dənizdə gəmilərə hücumlar və yüksək enerji qiymətləri Süveyş kanalı ilə ənənəvi daşımaların risk və xərclərini artırıb. Afrika ətrafından — Ümid burnu vasitəsilə hərəkət edən gəmi üçün səfər 40 gündən çox çəkə bildiyi halda, Arktika xətti bunu təxminən 18–20 günə endirə bilər.

Bununla belə, Arktika marşrutu ucuz və risksiz alternativ deyil. Kredit sığortaçısı “Coface” bildirir ki, buz şəraiti dəyişkəndir, naviqasiya mövsümü məhduddur və bəzi hallarda buzqıran müşayiəti tələb olunur. “The Wall Street Journal”ın məlumatına görə, Arktika üzrə sığorta haqları Ümid burnu marşrutu ilə müqayisədə təxminən 40% yüksəkdir. Yanacaq isə gəminin dənizdəki əməliyyat xərclərinin 70%-dən çoxunu təşkil edə bilər.

“Coface” hesablayır ki, neftin qiyməti bir barrel üçün təxminən 90 dollar olduqda və buzqıran tələb edilmədikdə, Arktika marşrutu ilə maye yüklərin daşınması Ümid burnu ilə müqayisədə təxminən 33% ucuz başa gələ bilər. Bununla belə, şirkət hazırda məhz konteyner daşımalarının geniş miqyasda iqtisadi rəqabət qabiliyyətinin zəif olduğunu vurğulayır. Beşillik perspektivdə Şərqi Asiya ilə Avropa və Şimali Amerika arasındakı ticarətin təxminən 3,5%-nin — 64 milyard dollarlıq yükün Arktika marşrutlarından istifadə edə biləcəyi hesablanır.

Layihənin geosiyasi tərəfi də diqqət çəkir. Çin 2018-ci ildə açıqladığı rəsmi Arktika strategiyasında özünü “Arktikaya yaxın dövlət” kimi təqdim edib və regiondakı gəmiçilik yollarını inkişaf etdirməklə “Qütb İpək Yolu” yaratmaq niyyətini açıqlayıb. Pekin Şimal dəniz marşrutundan istifadə zamanı Rusiyanın yurisdiksiyası və müvafiq icazə prosedurlarını nəzərə almalı olur.

2025-ci ildə Şimal dəniz marşrutu üzrə rekord 23 tranzit reysi həyata keçirilib; müqayisə üçün 2024-cü ildə bu göstərici 15 idi. Buna baxmayaraq, Arktika xətti hələ Süveyş kimi qlobal ticarət arteriyalarına real alternativ olmaqdan uzaqdır. “Financial Times” də marşrutun sürətli inkişafına baxmayaraq, mövsümilik, sanksiyalar, təhlükəsizlik və ekoloji risklərin onun genişmiqyaslı istifadəsini məhdudlaşdırdığını qeyd edir.