İran-ABŞ memorandumu ətrafında yaranan müzakirələr Tehranın siyasi sistemində qərar qəbuletmə mexanizmlərinin hələ də qeyri-şəffaf və çoxmərkəzli olduğunu göstərir.
MSNews.az-a şərhində siyasi araşdırmaçı Pərviz Əliyev bildirib ki, Müctəba Xameneinin memorandumla bağlı mövqeyi ikiqat siyasi mesaj kimi oxunmalıdır.
“Rəhbərin açıqlamasında əsas məqam odur ki, danışıqları aparan şəxslər — Məhəmməd Bağır Qalibaf və Abbas Araqçi — ultra-mühafizəkarların ‘xəyanət’ ittihamlarından faktiki olaraq qorunur. Amma eyni zamanda memorandumun siyasi məsuliyyəti Prezident Məsud Pezeşkianın üzərinə qoyulur”, — deyə Əliyev qeyd edib.
Onun sözlərinə görə, bu yanaşma İran daxilində mümkün uğur və uğursuzluq ssenariləri üçün əvvəlcədən siyasi sığorta mexanizmi yaradır.
“Əgər memorandum işləsə, sistem bunu kollektiv qələbə kimi təqdim edəcək. Əgər proses pozularsa, günahlandırılacaq əsas fiqur artıq müəyyənləşdirilib — islahatçı prezident Pezeşkian”, — siyasi araşdırmaçı vurğulayıb.
Pərviz Əliyev hesab edir ki, İİKK-yə yaxın dairələrin razılaşmanı “Trampın ilkin şərtlərinin məzarlığı” kimi təqdim etməsi də təsadüfi deyil.
“Bu ritorika daxili auditoriyaya hesablanıb. İİKK memorandumun məğlubiyyət deyil, İranın diplomatik manevr sahəsi qazandığı sənəd kimi qəbul olunmasını istəyir. Burada həm realizm, həm də ideoloji simvolizm var: uranın zənginləşdirilməsi, Hörmüz boğazı, ‘Fars körfəzi’ və ‘İran İslam Respublikası’ ifadələri Tehranın daxili təbliğatında mühüm yer tutur”, — Əliyev bildirib.
Araşdırmaçının fikrincə, hazırkı mərhələdə İran rəhbərliyi güzəşti açıq şəkildə etiraf etmək istəmir, lakin regional və daxili təzyiqlər fonunda kompromisə getməyə məcbur görünür.
“Tehranda əsas məqsəd razılaşmanı güzəşt kimi yox, müqavimətin nəticəsi kimi göstərməkdir. Bu, İran siyasi sisteminin klassik davranışıdır: kompromis qəbul edilir, amma ritorikada qələbə kimi təqdim olunur”, — Pərviz Əliyev əlavə edib.