“Seltik” 56-cı dəfə Şotlandiya çempionu oldu

“Seltik” son turda “Hearts”ı 3:1 hesabı ilə məğlub edərək Şotlandiya çempionu olub. Edinburq klubu 248 günlük liderliyə baxmayaraq titul şansını əldən verib.

“Seltik” Şotlandiya Premyerşipində dramatik finaldan sonra çempionluğunu rəsmiləşdirib. Qlazqo təmsilçisi son turda əsas rəqibi “Hearts”ı 3:1 hesabı ilə məğlub edərək mövsümü titul ilə başa vurub.

Matçda həlledici qollar 88-ci dəqiqədə Daizen Maeda və 90+8-ci dəqiqədə Kallum Osmand tərəfindən vurulub.

Matçın gedişində “Hearts” 43-cü dəqiqədə Lourens Şenklendin qolu ilə hesabı açıb. Lakin birinci hissənin əlavə vaxtında Arne Engels penaltidən bərabərliyi təmin edib. Qarşılaşmanın son dəqiqələrində Maedanın VAR yoxlamasından sonra qeydə alınan qolu “Seltik”i həm oyunda, həm də turnir cədvəlində önə keçirib.

Bu nəticə ilə “Seltik” Şotlandiya çempionluğunu 56-cı dəfə qazanıb. Final turundan əvvəl “Hearts”a titul üçün heç-heçə kifayət edirdi, “Seltik” isə yalnız qələbə qazanmalı idi. Şotlandiya futbolunda “Old Firm” hegemonluğunu qırmaq şansı olan Edinburq klubu tarixi fürsəti əldən verib.

“Hearts” mövsüm boyunca sensasiyalı çıxışı ilə diqqət çəkmişdi. “Opta Analyst”-in hesablamasına görə, komanda 2025/26 mövsümündə həlledici həftəyə qədər ümumilikdə 248 gün turnir cədvəlinə liderlik etmişdi. Lakin son turdakı məğlubiyyət Edinburq təmsilçisinin 1960-cı ildən bəri ilk çempionluq arzusunu yarımçıq qoyub.

Şotlandiya çempionatında “Seltik” və “Reyncers”dən başqa sonuncu dəfə titul qazanan komanda 1984/85 mövsümündə Aleks Ferqyusonun rəhbərlik etdiyi “Aberdin” olmuşdu. “Hearts” bu 41 illik seriyanı dayandırmağa çox yaxın olsa da, son anda “Seltik” yenidən titul yarışının qalibi oldu.