Aydın Süleymanlı Maqnus Karlseni məğlub etdi

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Honkonqda keçirilən şahmat üzrə rapid və blits komandalararası dünya çempionatında Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

9

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı dünya şahmatının ən böyük simalarından biri olan Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

MSNews.az xəbər verir ki, FIDE Honkonqda keçirilən şahmat üzrə komandalararası rapid dünya çempionatında Karlsenin ardıcıl dörd məğlubiyyət aldığını və bu məğlubiyyətlərdən birinin Aydın Süleymanlıya qarşı olduğunu yazır.

Partiya Azərbaycan təmsilçisi “Odlar Yurdu” ilə turnirin əsas favoritlərindən sayılan “WR Chess” arasında baş tutub. Aydın Süleymanlının qələbəsi “Odlar Yurdu”nun güclü rəqib üzərində 3,5:2,5 hesablı komanda qələbəsində həlledici nəticələrdən biri olub.

“Chess.com” yazır ki, Karlsen Süleymanlıya qarşı görüşdə “Holland müdafiəsi” seçib, lakin Azərbaycan qrossmeysteri oyunun gedişində ciddi üstünlük əldə edib. Mənbə qeyd edir ki, Süleymanlı vaxt çatışmazlığına baxmayaraq üstünlüyünü qoruyub və qalib gəlib.

Bu nəticə şahmat mediasında böyük rezonans doğurub. Çünki Karlsen dünya reytinqinin lideri və şahmat üzrə 16-cı dünya çempionu kimi turnirin ən diqqətçəkən iştirakçılarından biri idi.

“WR Chess”in heyətində Maqnus Karlsenlə yanaşı, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav, Yan-Kşiştof Duda və digər tanınmış qrossmeysterlər mübarizə aparıblar.

“Chess-Results” məlumatına görə, “Odlar Yurdu”nun heyətində Aydın Süleymanlı ilə yanaşı Rauf Məmmədov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Günay Məmmədzadə, Vüqar Manafov, Nataliya Buksa və Murad Haşimov yer alıblar.

Yekun cədvəldə “Odlar Yurdu” 12 turdan sonra 15 xal toplayaraq 11-ci yeri tutub. “WR Chess” isə 13 xalla 17-ci pillədə qərarlaşıb.

Turnirin qalibi tay-brek göstəricilərinə əsasən Çinin “Dragon Chilling” komandası olub. Hindistanın “Team MGD1” komandası ikinci, “Hexamind Chess Team” isə üçüncü yeri tutub.

Aydın Süleymanlının Karlsen üzərində qələbəsi Azərbaycan şahmatı üçün turnirin ən yaddaqalan nəticələrindən biri kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930