Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına — WUF13-ə hazırlıq işləri ilə tanış olub. Forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlət başçısına tədbir məkanında görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat ərazisi 53 hektarı əhatə edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb.
Forum çərçivəsində qeydiyyat, sessiyalar, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi əsasında təşkil olunub. Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb, burada rəsmi görüşlər, ikitərəfli danışıqlar, istirahət və qidalanma xidmətləri üçün ayrıca məkanlar nəzərdə tutulub.
Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Forumun əsas müzakirə və paralel tədbirlər zonası isə 3,55 hektar sahəni əhatə edir. Burada gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır. Tədbirdə BMT-nin 6 rəsmi dili ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti göstəriləcək.
Forum məkanında 35-dən çox iaşə məntəqəsi, 600 nəfərlik ümumi tutuma malik media mərkəzi, açıq hava formatında WUF13 Bulvarı və “Urban Expo” zonası yaradılıb. “Urban Expo” ərazisində ümumilikdə 121 pavilyonun, o cümlədən 41 ölkə pavilyonunun yerləşdirilməsi nəzərdə tutulub.
WUF13 BMT-nin Məskunlaşma Proqramı — UN-Habitat və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. UN-Habitat-ın məlumatına görə, Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya üzrə dünyanın aparıcı qlobal platformalarından biridir və 2001-ci ildə BMT tərəfindən təsis edilib.
Rəsmi məlumatlara əsasən, indiyədək 180 ölkədən 32 min 225 nəfər WUF13-də iştirak üçün qeydiyyatdan keçib. Bu göstərici Ümumdünya Şəhərsalma Forumu tarixində rekord hesab olunur. Forum çərçivəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma və şəhərsalma modeli, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, həmçinin azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər beynəlxalq ictimaiyyətə təqdim olunacaq.
WUF13 həm də Forum tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi ilə xüsusi əhəmiyyət daşıyır. Bu isə Bakı tədbirinin qlobal urbanizasiya gündəliyində daha yüksək siyasi səviyyədə müzakirələrə platforma yaradacağını göstərir.













