Aprelin 22-də Azərbaycan Respublikasına səfər edən Latviya Prezidenti Edqars Rinkeviçs üçün rəsmi qarşılanma mərasimi keçirilib.
Rəsmi mərasimdə hər iki ölkənin dövlət bayraqları dalğalanıb, Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev qonağı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib, daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca Azərbaycan və Latviya nümayəndə heyətlərinin üzvləri dövlət başçılarına təqdim olunub.
Mərasim çərçivəsində fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Sonda Prezidentlər birgə rəsmi foto çəkdiriblər.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.
Səfərin Azərbaycan-Latviya münasibətlərinin inkişafı və ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd olunur.








