UEFA Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında 1/8 final başa çatdı. “Liverpul”, “Barselona”, “Bavariya” və digər komandalar 1/4 finala yüksəldi.

27

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub və bütün 1/4 finalçı komandalar müəyyənləşib.

MSNews.az xəbər verir ki, gecənin ən diqqətçəkən qarşılaşmalarından birində Qalatasaray səfərdə Liverpula 0:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. İlk oyunda minimal hesablı qələbə qazanan İstanbul təmsilçisi ümumi nəticədə geri düşərək mübarizəni dayandırıb.

Digər oyunlarda Barselona Nyukasl üzərində 7:2 hesablı inamlı qələbə qazanaraq mərhələ adlayıb. Bavariya isə Atalantanı 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Günün digər matçında Tottenhem Atletiko Madrid üzərində 3:2 hesablı qələbə qazansa da, ilk oyundakı nəticəyə görə mərhələni İspaniya klubu keçib.

Bundan əvvəl keçirilən qarşılaşmalarda Real Madrid, Sportinq, PSJ və Arsenal da 1/4 finala vəsiqə qazanmışdı.

Beləliklə, 1/4 final cütləri aşağıdakı kimidir:

  • Sportinq – Arsenal
  • Real Madrid – Bavariya
  • PSJ – Liverpul
  • Barselona – Atletiko Madrid

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 7-də, cavab qarşılaşmaları isə aprelin 14-də keçiriləcək.