İordaniya Kralı II Abdullah ölkəsinin hava məkanının pozulmasına və ölkənin hərbi qarşıdurma meydanına çevrilməsinə yol verilməyəcəyini bəyan edib.
İordaniya Krallıq Divanının məlumatına görə, kral paytaxt Əmmandakı əl-Hüseyniyə Sarayında jurnalistlər ittifaqının üzvlərini qəbul edərkən regional və beynəlxalq məsələlərə toxunub.
Kral II Abdullah İranla bağlı proseslərə diqqət çəkərək bildirib ki, regionda artan gərginliyin azaldılmasının yeganə yolu dialoq və siyasi həll mexanizmləridir. Bununla yanaşı o vurğulayıb: “İordaniya hava məkanının pozulmasına və ya ölkənin müharibə meydanına çevrilməsinə imkan verməyəcək. Krallığın və vətəndaşlarımızın təhlükəsizliyi hər şeydən üstündür.”
Kral İordaniyanın dost ölkələrlə möhkəm münasibətlərini iqtisadi imkanlara çevirməyə çalışdığını qeyd edib. Bu çərçivədə Şərqi Asiya bazarlarına çıxışın genişləndirilməsinin hədəfləndiyi bildirilib.
Fələstin məsələsinə də toxunan II Abdullah İsrailin işğal altındakı Qərb sahili və Şərqi Qüdsdə mövcud status-kvonu dəyişdirməyə yönəlmiş addımlarına qarşı dost və qardaş ölkələrlə koordinasiyalı fəaliyyət göstərdiklərini bildirib.
O, həmçinin Suriyada sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş addımların dəstəklənməsinin vacibliyini vurğulayıb.