ABŞ-da açıqlanan sənədlər Epşteyn işi ilə bağlı yeni detalları üzə çıxarır

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı yeni sənədlər Ceffri Epşteynin ölümü, həbsxanadakı kamera sistemlərində nasazlıqlar və onlayn axtarış nəticələrinin manipulyasiyası ilə bağlı diqqətçəkən detalları ortaya qoyur.

93

ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə saxlanılarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı ictimaiyyətə açıqlanan yeni sənədlər istintaqa dair diqqətçəkən detalları üzə çıxarıb.

ABŞ Ədliyyə Nazirliyinin Epşteyn istintaqı çərçivəsində paylaşdığı sənədlərə əsasən, onun 10 avqust 2019-cu ildə ölü tapıldığı Nyu Yorkdakı Manhetten Metropoliten İslah Mərkəzində çalışan bir əməkdaşın kamera sistemləri ilə bağlı ifadəsi yer alıb. Adı gizli saxlanılan həmin şəxs 2016-cı ildən etibarən həbsxanadakı bütün kameraların texniki nəzarətinə cavabdeh olduğunu bildirib.

İfadədə qeyd olunur ki, kamera sistemləri köhnə və tam analoq olub, qeydiyyat cihazlarında tez-tez nasazlıqlar yaranıb və sistemə mütəmadi texniki xidmət göstərilməyib. Şəxsin sözlərinə görə, rəqəmsal video qeydiyyat qurğusunda (DVR) nasazlıq yarandıqda kameralar ümumiyyətlə görüntü yazmırdı. “DVR 2” sistemində 29 iyul 2019-cu ildə problem yaranıb, 8 avqustda əsas platanın sıradan çıxdığı, Epşteynin ölü tapıldığı 10 avqustda isə sərt diskdə nasazlıq olduğu bildirilib.

Həbsxana əməkdaşı iki yeni sərt disk olduğunu, lakin onların quraşdırılması halında mövcud bütün görüntülərin silinəcəyini bildiyini deyib. Onun sözlərinə görə, həbsxana rəhbərliyi görüntüləri tələb edib və DVR sisteminin yenidən qurulması tapşırılıb. Xarab disklərin sökülməsi prosesinə başlanılsa da, qurğunun yerindən çıxarılması bir Federal Təhqiqatlar Bürosu (FBI) əməkdaşı tərəfindən həyata keçirilib.

Sənədlərdə həmçinin Epşteynin onlayn reputasiyasına müdaxilə cəhdlərinə dair məlumatlar da yer alır. Belə ki, 2010-cu ilin sentyabrında Epşteyn ilə amerikalı kolleksiyaçı Al Sekel arasında aparılan yazışmalarda “Google” axtarışlarında Epşteyn haqqında mənfi məlumatların silinməsi məsələsinin müzakirə edildiyi görünür. Yazışmalara əsasən, Sekel bu işi 20–25 min dollar qarşılığında həyata keçirə biləcəyini bildirib və Epşteyn təklifi qəbul edib.

E-poçtlarda “müsbət məqalələrin mənfi məqalələri əvəzləməsi” planından bəhs edilir. Bundan əlavə, Sekel Epşteynin “Vikipediya” səhifəsinin “heklənərək” dəyişdirilməsini, “məhkumluq fotosu”nun silinib yerinə istənilən fotonun yerləşdirilməsini və “iş adamı, xeyriyyəçi” kimi təqdim olunmasını təklif edib.

Sənədlərdə diqqət çəkən digər məqam isə Epşteynin ölümünə dair ABŞ Ədliyyə Nazirliyinin mətbuat açıqlamasının tarixinin 9 avqust 2019-cu il, yəni onun rəsmi ölüm tarixindən bir gün əvvəl göstərilməsidir. Nazirlik bu məsələ ilə bağlı BBC-yə verdiyi açıqlamada sənədin sadəcə ilkin layihə olduğunu və tarixdə texniki səhv edildiyini bildirib.