Zimbabvedə gəmi faciəsi: Ölənlərin sayı 44-ə çatdı

Zimbabvenin Kariba gölündə sərnişin gəmisinin aşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.

53

Zimbabvenin Kariba gölündə sərnişin gəmisinin aşması nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb. Axtarış və cəsədlərin sudan çıxarılması əməliyyatları davam edir.

MSNews.az xəbər verir ki, Zimbabvenin “The Herald” nəşri ölkə polisinə istinadən yalnız avqustun 12-də sudan 31 cəsədin çıxarıldığını bildirib. Bununla da faciə nəticəsində təsdiqlənmiş ölüm sayı 44-ə yüksəlib.

Hadisə avqustun 11-də “Mbuya Nehanda” adlı bərənin Kariba şəhərindən Çalala balıqçılıq düşərgələri istiqamətində hərəkəti zamanı baş verib. “Associated Press” bildirir ki, gəminin rəsmi tutumu 90 nəfər olsa da, bilet məlumatlarına əsasən göyərtədə 114 yetkin sərnişin və 5 ekipaj üzvü olub. Bilet tələb olunmayan uşaqların da gəmidə olması səbəbindən sərnişinlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib.

İlkin məlumatlarda 15 nəfərin öldüyü və 27 nəfərin itkin düşdüyü bildirilirdi. “ZBC News”un sosial şəbəkə paylaşımında isə bir mərhələdə itkinlərin sayı 75 nəfər göstərilmişdi. Sonrakı rəsmi məlumatlar bu rəqəmi təsdiqləməyib. Hazırda hakimiyyət sərnişinlərin dəqiq sayını müəyyənləşdirməyə çalışır.

Xilas edilənlərin sayı 77 nəfərdir. İlkin araşdırmalara görə, normadan artıq yüklənmiş gəmi güclü dalğalara düşdükdən sonra aşıb. Sağ qalan ekipaj üzvlərindən biri gəmidə ümumilikdə 153 nəfərə qədər insanın ola biləcəyini bildirib, lakin bu rəqəm hələ tam rəsmi şəkildə təsdiqlənməyib.

Zimbabve Prezidenti Emmerson Mnanqaqva faciəni dövlət səviyyəli fəlakət elan edib. Polis, ordu və xüsusi sualtı axtarış qrupları Kariba gölündə əməliyyatları davam etdirirlər.