Ukrayna Prezidenti Volodimir Zelenski Çini Rusiyadan səslənən nüvə təhdidlərinə qarşı daha açıq və sərt mövqe nümayiş etdirməyə çağırıb.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə avqustun 24-də Ukraynanın Müstəqillik Günü münasibətilə etdiyi çıxışda danışıb. Ukrayna Prezidentinin rəsmi saytında yayımlanan çıxışda dövlət başçısı Pekinin nüvə ritorikası qarşısında susmamalı olduğunu bildirib.
“Çin artıq susmamalıdır. Kimsə dənizçi geyimi və furajka taxaraq, bəzi sözləri çətinliklə tələffüz edib nüvə zərbəsindən danışanda Çin buna reaksiya verməli, bu hərarəti soyutmalıdır”, – Zelenski bildirib. O, Çinin yalnız iqtisadi və texnoloji baxımdan deyil, qlobal siyasi müstəvidə də liderlik iddiasını nümayiş etdirməli olduğunu vurğulayıb.
Prezident əlavə edib ki, Pekin nüvə silahı ilə təhdidlərin qəbuledilməz olduğunu açıq şəkildə göstərməlidir. Zelenski həmin hissədə konkret şəxsin adını çəkməsə də, çıxış ümumilikdə Rusiya rəhbərliyinin siyasəti və Moskvanın nüvə ritorikası kontekstində səsləndirilib. “Interfax-Ukraine” də onun çağırışını Çinin Rusiyanın bəyanatlarına reaksiya verməsi tələbi kimi təqdim edib.
Zelenski çıxışında ABŞ və Avropaya da müraciət edərək Rusiyanı danışıqlar masasına gətirmək üçün təzyiqin artırılmasını, yeni sanksiyaların tətbiqini və Ukraynaya daha çox hərbi dəstək göstərilməsini istəyib. “Ukrainska Pravda” onun sözlərinə istinadən Ukraynanın tərəfdaşlarından müharibənin dayandırılması üçün lazım olan imkanların verilməsini tələb etdiyini yazır.
Çin isə Ukrayna müharibəsi ilə bağlı rəsmi mövqeyində tərəfləri gərginliyi azaltmağa və siyasi həll istiqamətində addımlar atmağa çağırmaqda davam edir. Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun avqustun 24-də Təhlükəsizlik Şurasında çıxışı zamanı münaqişənin daha da eskalasiyasının qarşısının alınmasına çağırıb.