Azərbaycanın təhlükəsizlik və müdafiə strategiyası hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Ordunun modernləşdirilməsi, yeni nəsil silah sistemlərinin tətbiqi, xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi və hərbi tərəfdaşlıqların genişlənməsi bu siyasətin təməl sütunlarını təşkil edir. Bu kontekstdə 2020-ci il 10 dekabr “Zəfər paradı” qələbənin rəmzi olaraq Azərbaycan Ordusunun gücünü regiona göstərən mühüm hadisə kimi yadda qaldı.
İllər sonra — 2025-ci il 8 noyabr tarixində keçirilən növbəti “Zəfər paradı” isə həm miqyas, həm nümayiş olunan hərbi texnika, həm də strateji mesajları ilə əvvəlki tədbirdən bir qədər fərqləndi. Bu dəfə parad yeni nəsil silah sistemlərinin kütləvi təqdimatı, İnsansız Sistem Qoşunlarının ayrıca hərbi birlik kimi formalaşdırılması, Türkiyə və Pakistan hərbçilərinin iştirakı, eləcə də daha inkişaf etmiş aviasiya və HHM imkanları ilə seçildi. Hər iki parad Azərbaycan Ordusunun texnoloji və konseptual inkişaf dinamikasını aydın şəkildə göstərərək ölkənin müdafiə konsepsiyasının müasir tələblərə uyğun formalaşdığını bir daha sübut edir.
Hərbi ekspertlər Ədalət Verdiyev və Üzeyir Cəfərovun fikirlərinə əsasən, paradın əsas fərqlərindən biri yeni nəsil silah sistemlərinin böyük miqdarda nümayiş etdirilməsi oldu. Hər iki parad, həm 2020-ci ilin, həm də 2025-ci ilin tədbirlərində ordunun modernləşmə kursunu və texnoloji üstünlüklərini ortaya qoydu.

Ədalət Verdiyev hesab edir ki, Hərbi Hava Qüvvələrinin gücləndirilməsi Azərbaycannın prioritetlərindən biridir.
“Pakistandan alınan JF-17 Thunderblock III qırıcılarının silahlanmaya qəbulu, onun döyüş potensialına kifayət qədər müsbət təsir göstərir,” — deyə ekspert qeyd edir.
Texniki göstəricilər – 1900–2100 km/s sürətə malik olması, 15–17 km yüksəkliyə uçuş qabiliyyəti, 4 ton döyüş sursatı daşıya bilmək üstünlüyü, 1350 km, əlavə yanacaqla isə 3000 km-ə qədər uçuş radiusu – JF-17-nin regional hava gücü balansında əhəmiyyətini göstərir.
Həmçinin, Ə.Verdiyev JF-17-in aviyonikası və radar imkanlarına diqqət çəkir: “Bu qırıcıların analoqları ilə müqayisədə əsas üstünlüyü onun KLJ-7 afar tipli radiolokasiya stansiyası ilə təchiz olunmasıdır.”
Zəfər paradında nümayiş olunan digər mühüm element NORA B-52 özüyeriyən artilleriya qurğularıdır. 155 mm NATO kalibrli, 52 kalibr lüləli bu sistemin sursat dəsti və avtomatik yükləmə mexanizmi onun atəş qabiliyyətini artırır. Ə.Verdiyev bildirir ki, bu artilleriya düşmənin cəmləşmə rayonunda personalı, zirehli vasitələri və digər hədəfləri məhv etmək üçün nəzərdə tutulub və müasir atəş idarəetmə sistemləri ilə təchiz edilib. “Bir çox ölkələr, o cümlədən ABŞ da bu artilleriya qurğularına maraq göstərir,” — deyə o əlavə edir.
Paradda təqdim olunan “IceBreaker” qanadlı raketləri 300 km-ə qədər məsafədə strateji hədəfləri yüksək dəqiqliklə məhv edə bilir. Ə.Verdiyev raketin xüsusiyyətlərini belə xülasə edir: GPS siqnalı olmadan süni intellektdən istifadə, radioelektron müdaxilələrə davamlılıq, dənizdən, qurudan və aviasiyadan buraxılış imkanı, hədəf üzərində uçuşun 2–5 metr hündürlükdə olması ilə müdafiə sistemlərindən qaçınma. “Raketin həm qurudan, həm dənizdən, həm də aviasiya vasitələrindən buraxılması nəzərdə tutulur,” — deyə ekspert bildirir.
Azərbaycan HQ-9 BE hava hücumundan müdafiə kompleksinə malikdir — Ə.Verdiyevin sözlərinə görə, bu sistem S-300 səviyyəsində təsir gücünə malikdir və həm qanadlı, həm ballistik raketlərə, həm də digər hava vasitələrinə qarşı müdafiəni təmin edir. “Azərbaycan bu silaha malik olan yeganə keçmiş SSRİ, MDB və Qafqaz ölkəsidir,” — deyə ekspert vurğulayır. Raketin təqribi sürəti və döyüş başlığı haqqında verilənlər onun müdafiə qabiliyyətinin geniş diapazonunu əks etdirir.
Ədalət Verdiyev məhz, Zəfər paradının bu mesajına diqqət çəkir: paradda nümayiş olunan silahlar regiondakı güc balansında kəskin fərq yaratdığını göstərir. “Zəfər paradından təqdim olunan silahlar onu nümayiş etdirdi ki, Azərbaycan ilə rəqib olan ölkələrlə güc balansında kifayət qədər böyük fərq yaranıb,” — deyə o bildirir. Buna görə də, ekspert hesab edir ki, rəqiblərin silah yarışına girişməkdə marağı az olmalıdır.
Eyni zamanda o əlavə edir: “Bizim bu günkü gündəliyimiz sülh, təhlükəsizlik, rifah və inkişaf gündəliyidir. Amma bu, o demək deyil ki, bizə qarşı hansısa təhdid yaratmağa cəhd edənlər hansısa nəticə əldə edə bilərlər.”
Ekspert həmçinin əldə olunan qələbəni yalnız bizim zəfərimiz kimi qiymətləndirmir, həmçinin bunun regionda əmin-amanlığa aparan yol olduğunu vurğulayır:
“Biz yalnız ərazilərimizi düşməndən azad etmədik, həmçinin 30 illik işğal tarixinə malik Ermənistanı separatçı rejimin boyunduruğundan tamamilə azad etdik” – deyə Ədalət Verdiyev qeyd edir.
Müsahibədə verilən ən güclü tezislərdən biri xüsusi təyinatlı qüvvələrin əhəmiyyəti ilə bağlıdır. “Azərbaycan silahlı qüvvələrinin ən qorxunc və çəkindirici silahlı onun xüsusi təyinatlı qüvvələridir. Biz Vətən müharibəsində qələbəni də məhz, xüsusi təyinatlı qüvvələrin hesabına əldə etdik,” — deyə Ədalət Verdiyev qeyd edir. Paradlarda XTQ tərkibinin genişləndirilməsi, onların sayının artması – əvvəlki paradda 2 min nəfərdən bu dəfə 4 minə yüksəlməsi – bu istiqamətdə atılan praktiki addımların göstəricisidir.
Ekspert açıq şəkildə xəbərdarlıq edir: “Bizə qarşı kiçicik təhdid yaradanlar, növbəti işğal xülyasına düşənlər ciddi şəkildə peşman ola bilərlər. Kimsə bizimlə zarafat etməyə cəhd etməməlidir.” Bu, müdafiə qabiliyyətindəki inkişafla kombinasiya olunmuş siyasətin həm profilaktik, həm də əməli mesaj olduğunu göstərir.
Üzeyir Cəfərovun sözlərinə görə, bu parad sırf nümayiş xarakteri daşımırdı, həm də ordunun modernləşmə kursunun ciddi şəkildə sürətləndirildiyini təsdiqlədi:
“8 noyabr 2025-ci il tarixində keçirilən “Zəfər paradı” müstəqillik tariximizdə keçirilən ən yaddaqalan paradlardan biri oldu. Düzdür, bir çox hərbi paradlar keçirilib və bunların hər biri bir əvvəlkindən hansısa xüsusiyyətlərinə görə fərqlənib. Lakin bu dəfəki paradda nümayiş etdirilən yeni silahların miqdarı, yeni hərbi birliklərin olması, həmçinin Türkiyə hərbçiləri ilə yanaşı Pakistan hərbçilərinin də iştirakı bu paradı əvvəlkilərdən bir xeyli fərqləndirdi”

Qeyd olunduğu kimi, bu paradda bir sıra yeni alınmış və silahlanmaya qəbul edilmiş, həmçinin modernləşdirilmiş silah sistemləri nümayiş etdirildi.
Üzeyir Cəfərov bunların arasında xüsusilə, “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələrini, “COBRA II” zirehli tibbi təxliyə maşınlarını, “İLDIRIM-8” və yerli istehsal “VİKİNQ” HHM komplekslərini, Çindən alınmış HQ-9 hava hücumundan müdafiə sistemini, yeni PUA və kamikadze sistemləri olan “Hero-120” və “Sky Striker”, dəniz əməliyyatları üçün KAYRA kamikadze suüstü vasitələrini, uzunmənzilli artilleriya sistemləri olan 155 mm NORA və DITA, eləcə də PULS bazasında idarə olunan raket sistemlərini, yüksək dəqiqlikli qanadlı raketlər – “Predator Hawk” və “ICEBREAKER”, yeni aviasiya platformaları – Pakistan istehsalı JF-17 qırıcılarını və İtaliya istehsalı C-27J hərbi-nəqliyyat təyyarələrini, həmçinin modernizasiya olunmuş və “Laçın” adı verilmiş SU25 şturmoviklərini qeyd edib.
Hərbi ekspert qeyd edir:
“Bu silahların özəlliyi onların yeni nəsil olması və hələ uzun illər arsenalımızda qalacaq yüksək döyüş göstəricilərinə malik olmasıdır. Bütün bunlar Azərbaycan Ordusunun gücünü və qüdrətini bir daha nümayiş etdirdi.”
Bu paradın ən mühüm yeniliklərindən biri də İnsansız Sistem Qoşunlarının ayrıca hərbi birlik kimi ilk dəfə keçid etməsi oldu. Ü.Cəfərov bu sahənin strateji önəmini belə izah edir:
“Bu qoşun növü XXI əsrin ən önəmli qüvvələrindən biridir. Vətən müharibəsində biz bunu açıq şəkildə gördük. Pilotsuz sistemlər düşmənin hava hücumundan müdafiə sistemini iflic edərək hırbi texnika və canlı qüvvəsinin darmadağın edilməsində həlledici rol oynadı. Həmçinin biz bu sistemlərin rolunu Rusiya-Ukrayna müharibəsində də bariz şəkildə görməkdəyik…”
Müasir müharibələrdə PUA-ların rolu təkcə kəşfiyyat və zərbə ilə məhdudlaşmır, onlar canlı qüvvə itkilərini minimuma endirir, döyüş qərarlarını sürətləndirir və taktiki üstünlük yaradır.
Ü.Cəfərov paradın siyasi və geosiyasi mesajlarının xüsusilə nəzərə alınmalı olduğunu bildirir:
“Ermənistan və ona havadarlıq edən dövlətlər yəqin ki, bu paraddan özləri üçün nəticə çıxaracaqlar. Bu, ilk növbədə, Ermənistanın əsas silah tədarükçüsü olan Rusiya, Hindistan və Yunanıstan üçlüyünə aiddir.”
Azərbaycanın Türkiyə və Pakistanla hərbi-strateji yaxınlığı da region balansında əhəmiyyətli faktor kimi dəyərləndirilir.
Son aylarda Ermənistan sərhəddə yeni istehkam işləri aparır və Hindistandan yeni silah tədarükü müqavilələri bağlayır. Ü.Cəfərov bu situasiya barədə deyir:
“Bu gün Ermənistan Azərbaycanın aldığı silahlardan çox narahatdır. Lakin Ermənistan istehkam-fotifikasiya işlərini öz ərazilərində aparır. Biz bütün bunları müşahidə edirik, izləyirik. Əgər özümüzə qarşı hər hansı təhlükə hiss etsək, şübhəsiz, buna ən kəskin şəkildə cavab verəcəyik.”
Hindistandan silah alışını o, siyasi motivli və Pakistan faktoru ilə bağlı hesab edir:
“Hindistana gəlincə, baxmayaraq ki, Hindistan əhalisinə və iqtisadi gücünə görə dünyada ilk yerlərdə qərarlaşıb, amma bunu onun hərbi sənayesi barədə demək o qədər də düzgün deyil. Baxmayaraq ki, Hindistan nüvə dövlətidir. Sadəcə, Hindistan Ermənistanın timsalında boş bazar və potensial alıcı tapıb və silahlarını satır. Həm də burada Pakistan faktoru var. Azərbaycan və Pakistan çox yaxşı münasibətlərə malikdirlər və hər iki ölkə bir-birini daim dəstəkləyir. Ona görə də bütün bunlar Hindistanı qıcıqlandırır.”
2025-ci il Zəfər paradı Azərbaycan Ordusunun müasir, çevik və texnoloji üstünlüklərə əsaslanan hərbi modelə keçidini bir daha təsdiqlədi. Yeni silah sistemlərinin alınması və yerli istehsalın genişlənməsi fonunda, ordunun strukturunda İnsansız Sistem Qoşunlarının ayrıca qüvvə kimi formalaşması gələcək hərbi strategiyanın əsas dayaqlarından biri olacaq.
Bu parad həm də regiona açıq mesaj idi:
“Azərbaycan öz təhlükəsizliyini təmin etmək gücünə və iradəsinə sahibdir”
2025-ci il “Zəfər paradı” Azərbaycan Ordusunun keçdiyi modernləşmə yolunun növbəti mərhələsini nümayiş etdirməklə həm hərbi, həm də siyasi baxımdan önəmli mesaj verdi. 2020-ci il paradı qələbənin göstəricisi kimi tarixə düşdüsə, 2025-ci il paradı artıq qələbədən sonra formalaşan yeni hərbi doktrinanın, yüksək texnoloji üstünlüklərin və strateji tərəfdaşlıqların təsdiqi oldu.
İnsansız Sistem Qoşunlarının ayrıca bir birlik kimi təqdim edilməsi, yeni nəsil PUA, raket, artilleriya və HHM sistemlərinin arsenala daxil olması, aviasiya parkının genişlənməsi və xüsusi təyinatlı qüvvələrin daha da gücləndirilməsi Azərbaycanın gələcək təhlükəsizlik modelinin əsas istiqamətlərini müəyyənləşdirir.
Həm 2020, həm də 2025-ci il paradları bir daha göstərdi ki, Azərbaycan regionda təhlükəsizliyini təmin etmək gücünə, iradəsinə və müasir hərbi imkanlara sahibdir. Bu, təkcə hərbi güc nümayişi deyil, həm də sülhün qorunması üçün zəruri olan strateji balansın təmin edilməsinə xidmət edən uzunmüddətli dövlət siyasətinin nəticəsidir.