İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib

Prezident İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, ikitərəfli münasibətlər və müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.

27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə dövlət başçısı bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkianla baş tutan telefon danışığını xatırladaraq, yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərin müzakirəsi üçün mühüm imkanlar yaratdığını bildirib. Prezident İlham Əliyev Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurla keçdiyini və bu səfərdən sonra əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb.

Dövlətimizin başçısı dünyanın bir çox regionunda müharibə və münaqişələrin davam etdiyini qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülhün bərqərar olmasının həm Azərbaycan, həm də region ölkələri, o cümlədən İran üçün böyük əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın müharibədən sülhə keçid modelini uğurla nümayiş etdirdiyini və ölkəmizin bölgədə gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə İran Prezidenti Məsud Pezeşkianın salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, İran dövlət başçısının Azərbaycana xüsusi önəm verdiyini, o cümlədən Xankəndiyə səfərini məmnunluqla xatırladığını qeyd edib.

Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirərək, öz salamlarını da İran Prezidentinə çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan və İran arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin inkişafı, eləcə də müdafiə sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.