“UpScrolled” “Google Play”-də müvəqqəti dayandırıldı

Fələstin əsilli avstraliyalı proqramçı Issam Hicazinin yaratdığı və "TikTok"-un alternativi hesab olunan "UpScrolled" sürətli artımdan sonra Google Play Store tərəfindən müvəqqəti dayandırılıb.

49

Fələstin əsilli avstraliyalı proqramçı İssam Hicazi tərəfindən “TikTok”-a alternativ kimi yaradılan “UpScrolled” tətbiqi “Google Play Store” tərəfindən müvəqqəti olaraq dayandırılıb.

“UpScrolled” tərəfindən yayılan açıqlamada bildirilib ki, tətbiq son günlər qlobal miqyasda gözlənilməz sürətlə böyüyüb və bu artım fonunda bəzi məzmunların icma qaydalarına uyğun şəkildə idarə olunmasında çətinliklər yaranıb. Platforma ifadə azadlığını müdafiə etdiyini vurğulasa da, qanunsuz məzmunun silinməsi öhdəliyini qəbul etdiyini qeyd edib.

Açıqlamada həmçinin moderasiya komandasının genişləndirildiyi və daha inkişaf etmiş məzmun nəzarət sisteminin tətbiqi üzərində iş aparıldığı bildirilib. Şirkət Google ilə tam əməkdaşlıq etdiyini və hüquqi tələblərə uyğunlaşaraq tətbiqin qısa müddətdə yenidən platformaya qaytarılacağını gözlədiyini açıqlayıb.

“UpScrolled” cəmi bir həftə ərzində istifadəçi sayını 150 mindən milyonlara çatdıraraq rəqəmsal mühitdə diqqət mərkəzinə düşmüşdü. Tətbiqin sürətli populyarlaşmasının əsas səbəblərindən biri bəzi istifadəçilərin “TikTok” platformasında Fələstin yönlü və İsrail əleyhinə paylaşımların “kölgə qadağa” (shadow ban) ilə məhdudlaşdırıldığı iddiaları olub.

Bundan əlavə, “TikTok”-un ABŞ əməliyyatlarını satın alan “Oracle” şirkətinin mövqeyi ilə bağlı müzakirələr də sosial mediada mübahisələrə səbəb olub.

“UpScrolled”-in dayandırılması qərarı sosial mediada senzura və rəqəmsal platformalarda ifadə azadlığı mövzularını yenidən gündəmə gətirib.