Türkiyədə yeni təhsil proqramı çərçivəsində tarix və coğrafiya dərsliklərində bir sıra terminlərin dəyişdirilməsi nəzərdə tutulur. Türkiyənin milli təhsil naziri Yusuf Tekin bildirib ki, “Türkiye Yüzyılı Maarif Modeli” çərçivəsində bəzi anlayışlar ölkənin tarixi baxışına və milli kimlik yanaşmasına uyğun şəkildə yenidən işlənir.
Yeni yanaşmaya əsasən, dərsliklərdə “Haçlı Seferleri” (“Səlib yürüşləri”) ifadəsinin yerinə “Haçlı Saldırıları” (“Səlib hücumları”), “Coğrafi Keşifler” (“Coğrafi Kəşflər”) anlayışının yerinə isə “Sömürgeciliğin Başlangıcı” (“Müstəmləkəçiliyin başlanğıcı”) ifadəsi işlədiləcək. Tekin bu dəyişiklikləri həmin hadisələrin “neytral” yox, tarixi nəticələri nəzərə alınaraq təqdim olunması ilə izah edib.
Ən diqqətçəkən dəyişikliklərdən biri isə “Orta Asiya” anlayışının “Türküstan” ifadəsi ilə əvəzlənməsidir. Türkiyə təhsil naziri bu terminin türk tarixi və elmi ədəbiyyat baxımından daha uyğun olduğunu bildirib. “Yeni Asır”-ın məlumatına görə, bu dəyişiklik regionun tarixi və mədəni kimliyini ön plana çıxarmaq məqsədi daşıyır.
Bundan başqa, Ankara məktəb dərsliklərində “Egey Denizi” əvəzinə “Adalar Denizi” ifadəsinin istifadəsini də gündəmə gətirib. Yusuf Tekin iddia edib ki, “Ege Denizi” adı geniş ədəbiyyata əsasən II Dünya müharibəsindən sonra Yunanıstanın təsiri ilə daxil olub və Osmanlı dövründə bu hövzə üçün “Adalar Denizi” ifadəsi işlədilib.
Bu terminoloji dəyişikliklər Türkiyədə müzakirələrə səbəb olub. Bəzi şərhçilər yeni yanaşmanı milli tarixi yaddaşın gücləndirilməsi kimi qiymətləndirir, tənqidçilər isə xüsusilə “Ege Denizi” adının yalnız II Dünya müharibəsindən sonra meydana çıxdığı fikrinin mübahisəli olduğunu bildirirlər.
Yeni terminlərin qarşıdakı tədris ilindən etibarən çap olunacaq dərsliklərdə və rəqəmsal tədris materiallarında yer alacağı gözlənilir. Türkiyə mediası dəyişikliklərin “Türkiye Yüzyılı Maarif Modeli”nin milli kimlik və tarixi şüur xətti ilə əlaqələndirildiyini yazır.