İranlı deputatdan Səudiyyə Ərəbistanına sərt xəbərdarlıq

İran parlamentinin deputatı İbrahim Rəzai Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yeni müdafiə sazişini tənqid edərək Ər-Riyadın təhlükəsizliyini xarici ittifaqlarla təmin edə bilməyəcəyini bildirib.

54

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İbrahim Rəzai Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış yeni üçtərəfli müdafiə sazişini sərt şəkildə tənqid edib.

MSNews.az xəbər verir ki, “Al Jazeera” Rəzainin “X” hesabında yaydığı açıqlamaya istinadən onun razılaşmanı “kağız üzərində saziş” adlandırdığını bildirib. İranlı deputat Ər-Riyadın xarici təhlükəsizlik təminatlarına arxalanmasını tənqid edib.

“Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla kağız üzərində razılaşma onlara təhlükəsizlik gətirməyəcək. Necə ki, illərlə amerikalılardan birtərəfli asılılıq da onlara təhlükəsizlik gətirmədi. Siyasətinizi düzəldin ki, təhlükəsizliyi başqalarından dilənməyə ehtiyacınız qalmasın”, – Rəzai bildirib. 

Açıqlama avqustun 7-də Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən üçtərəfli müdafiə sazişinin imzalanmasından sonra verilib. “Reuters” bildirir ki, razılaşmaya əsasən, tərəflərdən birinə qarşı silahlı hücum hər üç dövlətə qarşı hücum kimi qiymətləndiriləcək. Bununla belə, konkret hərbi öhdəliklərin detalları açıqlanmayıb.

Üç ölkə sazişin kollektiv çəkindirməni və müdafiə əməkdaşlığını gücləndirməyə yönəldiyini bildirir. Türkiyə tərəfi sənədin hər hansı konkret dövlətə qarşı yönəlmədiyini və sırf müdafiə xarakteri daşıdığını vurğulayıb.

Rəzainin açıqlaması hazırda İran tərəfindən sazişə verilən ən diqqətçəkən siyasi reaksiyalardan biridir. Lakin İranın ali rəhbərliyi və hökuməti yeni üçtərəfli müdafiə sazişi ilə bağlı hələlik ayrıca rəsmi mövqe açıqlamayıb.