Tsundoku termini yapon mənşəlidir və kökləri Meiji dövrünə (1868–1912) gedib çıxır. Söz, yapon dilində 積んでおく (tsunde oku) – “əşyaları qalaq-qalaq yığmaq, sonraya saxlamaq” və 読書 (dokuşo) – “kitab oxumaq” ifadələrinin birləşməsindən yaranıb.
Sadə dillə desək, tsundoku sindromu — oxumaq niyyəti ilə çoxlu kitab almaq, lakin onların böyük hissəsini oxumadan saxlamaq vərdişidir.
Bu anlayış çox vaxt yanlış başa düşülür. Tsundoku dedikdə sosial mediada paylaşmaq üçün kitab almaq və ya kitabların sadəcə dekorativ görünüşünə görə yığılması nəzərdə tutulmur. Əksinə, tsundoku sindromuna sahib insanlar kitab oxumağı bacaran və sevən, lakin oxuya biləcəklərindən daha çox kitab almağa meyilli şəxslərdir.
Onlar üçün kitab almaq ayrıca bir zövqdür. Kitab mağazaları və sərgilər bu insanların ən sevdiyi məkanlardandır. Oxunmamış kitablar isə onlara günahkarlıq hissi yox, əksinə, rahatlıq və xoşbəxtlik verir.
Tsundoku vərdişinə sahib insanlarda adətən aşağıdakı xüsusiyyətlər müşahidə olunur:
-
Aldıqları kitabları dərhal oxumaz, “bir gün mütləq oxuyaram” deyə düşünərlər.
-
Evdə çoxlu kitabın olması onlara psixoloji rahatlıq və xoşbəxtlik bəxş edər.
-
Yeni alınmış kitabın qoxusunu xüsusi zövqlə sevirlər.
-
“Mütləq oxunmalı kitablar” siyahısındakı əsərlərin çoxu artıq onların kitabxanasında mövcuddur.
-
Kitablarını başqalarına hədiyyə etməyi sevməzlər; versələr belə, tez-tez geri qaytarılmasını xahiş edərlər.
-
Gəzməkdən ən çox həzz aldıqları yerlər kitab mağazaları və kitab sərgiləridir.
-
“Oxumayacaqsansa, niyə alırsan?” sualı onları ciddi şəkildə əsəbləşdirir.
-
Elektron kitablar, planşet və ya telefon üzərindən oxumaqdan xoşlanmırlar.
-
Kitab mağazasına yalnız oxumaq üçün getsələr belə, çox vaxt yeni kitab almadan çıxa bilmirlər.