İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əli Xəzəryan bildirib ki, İranın ali rəhbəri Müctəba Xamenei hazırkı şəraitdə ABŞ ilə danışıqların davam etdirilməsi və ya uzadılmasının əleyhinədir.
“İran International”-ın farsca yayımında yer alan məlumata görə, deputat televiziya çıxışında “mövcud şəraitdə danışıqların hər hansı formada uzadılmasına kəskin şəkildə qarşı” mövqe olduğunu deyib. Bu bəyanat Xameneyinin özünün birbaşa çıxışı yox, parlament üzvünün ona istinadən səsləndirdiyi mövqe kimi təqdim olunub.
Xəzəryan bundan bir gün əvvəl də “İran International”-a demişdi ki, parlament sədri Məhəmməd Baqir Qalibaf mövcud şərtlərdə İslamabadda ABŞ ilə danışıqlarda iştirak etməyi planlaşdırmır. Həmin məlumatda o, Tehranın belə qənaətə gəldiyini də iddia etmişdi ki, danışıqlarda iştirak ABŞ üçün daha çox enerji bazarlarını idarə etmək alətinə çevrilib.
Bu açıqlama ABŞ-İran xəttində onsuz da kövrək olan diplomatik proses fonunda verilib. İran prezidenti Məsud Pezeşkian aprelin 22-də Vaşinqtonun öhdəlikləri pozmasını, İran limanlarına tətbiq olunan blokadanı və təhdidləri “həqiqi danışıqlar” üçün əsas maneələr adlandırıb. Bundan bir gün əvvəl “Reuters”-ə danışan yüksəkvəzifəli iranlı mənbə isə bildirib ki, Tehran yalnız ABŞ təzyiq və təhdid siyasətindən geri çəkilərsə danışıqlara qayıda bilər.