Brayan Şmidtin açıqlaması sensasiya yaratdı

Nobel mükafatçısı Brayan Şmidtin Vilnüsdəki çıxışı sensasion başlıqlarla yayılsa da, yoxlanmış mənbələr göstərir ki, söhbət insanlığın yaxın yox olmasından deyil, Günəşin və qalaktikaların milyardillik gələcəyindən gedir.

18

Türkiyənin “Sözcü” nəşri” Nobel mükafatçısı fizik Brayan Şmidtin “bəşəriyyətin yox olacağı tarix” barədə danışdığını yazsa da, burada söhbət yaxın gələcəkdən yox, kosmosun çox uzaq zaman miqyasında mümkün inkişafından gedir.

Şmidt 2011-ci ildə kainatın genişlənməsinin sürətləndiyini göstərən müşahidələrə görə Fizika üzrə Nobel mükafatı alıb və 20 aprel 2026-cı ildə Vilnüsdə keçirilən “Open Readings 2026” çərçivəsində “State of the Universe” adlı mühazirə verib.

Rəsmi məlumatlara görə, Şmidtin Vilnüs mühazirəsi kainatın yaranmasından gələcək təkamülünə qədər uzanan elmi mənzərəni izah etməyə həsr olunub. Vilnius Universitetinin dərc etdiyi materialda onun əsas vurğusu kainatın yaşı, tərkibi, genişlənməsi, qaranlıq enerji və hələ cavabı bilinməyən kosmoloji suallar üzərində olub. Yəni rəsmi qaynaqlarda “insanlığın dəqiq yox olma tarixi” kimi təqdim olunan konkret bir “sızma”dan deyil, elmi baxımdan mümkün uzaq gələcək ssenarilərindən danışılır.

Bu uzaq ssenarilərdən biri Günəşin təkamülü ilə bağlıdır. NASA-nın məlumatına görə, Günəş təxminən 5–6 milyard il sonra qırmızı nəhəng mərhələsinə keçəcək; bu proses zamanı daxili Günəş sistemi üçün şərtlər kəskin dəyişəcək, Yer üzündə okeanların buxarlanması və həyat üçün əlverişli mühitin sıradan çıxması mümkün olacaq. Sonrakı mərhələdə Günəş ağ cırdana çevriləcək.

Digər böyük kosmik hadisə isə Süd Yolu ilə Andromeda qalaktikalarının gələcək yaxınlaşmasıdır. NASA-ya görə, bu iki qalaktikanın təxminən 4–4,5 milyard il sonra toqquşması gözlənilir, baxmayaraq ki, belə qalaktik toqquşmalarda ulduzların bir-birinə birbaşa dəyib-dağılıması mütləq ssenari sayılmır. Yazıda Andromedanın bizə doğru hərəkəti və gələcək birləşmə ehtimalı qeyd olunur.