Tramp və Si Cinpin Göy Məbədini birlikdə ziyarət ediblər

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin Pekində Göy Məbədini birlikdə ziyarət ediblər. Görüş fonunda ABŞ-Çin ticarəti, kənd təsərrüfatı məhsulları və Amerika şirkətlərinin Çin bazarındakı imkanları müzakirə olunub.

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin Pekində keçirilən yüksək səviyyəli danışıqlar çərçivəsində şəhərin ən simvolik tarixi məkanlarından biri olan Göy Məbədini birlikdə ziyarət ediblər. Liderlər məbəd kompleksinin fil sümüyü rəngli pilləkənləri ilə yanaşı hərəkət ediblər. Tramp jurnalistlərə qısa açıqlamasında “Çin gözəldir” deyib.

Göy Məbədi Pekinin Qadağan olunmuş şəhərindən təxminən 7 kilometr cənubda yerləşir və 1420-ci ildə Min sülaləsi dövründə inşa olunub. Çin imperatorları burada bol məhsul üçün dualar edirdilər və mərasimlər onların hakimiyyət legitimliyinin rəmzi kimi qəbul olunurdu. Bu gün isə məbəd kompleksi həm məşhur turizm məkanı, həm də pekinlilərin tai-çi ilə məşğul olduğu, şahmat oynadığı və istirahət etdiyi park kimi tanınır.

“Reuters” yazır ki, Si Cinpinin Trampı bu məkanda qəbul etməsi Pekinin qədim dövlətçilik ənənələrini, tarixi davamlılığını və sivilizasiya dərinliyini nümayiş etdirmək baxımından xüsusi simvolik məna daşıyır. Pekində yaşayan tarixçi Lars Ulrik Tom bu məkanı Çinin minilliklər boyu mövcudluğunu dünyaya göstərmək üçün uyğun fon kimi xarakterizə edib.

Tramp üçün isə Göy Məbədi ziyarəti daha praktik siyasi məna daşıyır. Danışıqlarda kənd təsərrüfatı məhsullarının, xüsusilə ABŞ soya paxlası, taxıl, ət və digər məhsullarının Çin tərəfindən daha çox alınması məsələsinin əsas prioritetlərdən biri olduğu bildirilir. Çin ABŞ fermerləri üçün əsas bazarlardan biridir və daha böyük alış öhdəlikləri Tramp administrasiyası üçün mühüm iqtisadi nəticə hesab olunur.

Görüş zamanı Tramp ABŞ biznes nümayəndələrini Si Cinpinə bir-bir təqdim edib. Amerikalı iş adamları Çin bazarına böyük əhəmiyyət verdiklərini, ölkədə fəaliyyətlərini dərinləşdirmək və əməkdaşlığı genişləndirmək istədiklərini bildiriblər. ABŞ nümayəndə heyətində İlon Mask, “Apple” rəhbəri Tim Kuk, “Boeing” rəhbəri Kelli Ortberq və digər iri şirkətlərin rəhbərləri də yer alıb.

Si Cinpin isə ABŞ şirkətlərinin Çinin islahatlar və açılım prosesində fəal iştirak etdiyini, bundan hər iki tərəfin faydalandığını bildirib. Çin lideri qeyd edib ki, Pekin ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini alqışlayır və Amerika şirkətlərinin Çində daha geniş imkanlar əldə edəcəyinə inanır.

Danışıqlar ABŞ-Çin münasibətlərində ticarət, texnologiya, Tayvan və regional təhlükəsizlik kimi mövzuların ön plana çıxdığı bir dövrdə keçirilir. Tərəflər arasında böyük ziddiyyətlər qalmaqda davam etsə də, Göy Məbədi ziyarəti iki liderin münasibətlərə həm tarixi-simvolik, həm də iqtisadi nəticə yönümlü mesaj vermək cəhdi kimi qiymətləndirilir.