Tramp Rutte ilə görüşdə benzin qiymətlərindən, NATO müttəfiqlərindən və Ərdoğandan danışdı

ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə görüşdə benzin qiymətlərindən narazılığını ifadə edib, Avropa müttəfiqlərini tənqid edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “dostu” adlandırıb.

10

ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Ağ Evdə görüşündə bir sıra iqtisadi və siyasi mövzularla bağlı açıqlamalar verib.

MSNews.az xəbər verir ki, “Roll Call”un dərc etdiyi görüş transkriptinə əsasən, Tramp neftin ucuzlaşmasına baxmayaraq, ABŞ-da benzinin qiymətinin yetərincə düşməməsindən narazılığını bildirib.

ABŞ Prezidenti deyib ki, neft qiymətlərindəki eniş yanacaqdoldurma məntəqələrində daha aydın hiss olunmalıdır. Onun sözlərinə görə, hazırda benzin bir qallon üçün təxminən 2,25 dollar səviyyəsində olmalı idi, lakin qiymətlər bundan yüksək qalır.

“Reuters” yazır ki, Tramp ABŞ Ədliyyə Nazirliyinə iri neft şirkətləri ilə bağlı araşdırma aparmaq tapşırığı verib. O, ExxonMobil, Chevron, Shell və BP kimi şirkətlərin adını çəkərək qiymətlərin neft bazarındakı enişə uyğun azalmadığını deyib.

Görüşdə NATO daxilində müdafiə xərcləri və Avropa müttəfiqlərinin mövqeyi də müzakirə olunub. Tramp İranla müharibə dövründə bəzi NATO ölkələrinin ABŞ-a kifayət qədər siyasi dəstək göstərmədiyini bildirib. O, İtaliya, Böyük Britaniya, Almaniya, Fransa və İspaniyanın mövqeyindən narazılığını ifadə edib.

Tramp xüsusilə İspaniyanı sərt tənqid edərək, bu ölkənin müdafiə yükünün bölüşdürülməsi məsələsində kifayət qədər məsuliyyət daşımadığını deyib. ABŞ Prezidenti bildirib ki, Vaşinqtonun bu məsələdə maliyyə yardımına ehtiyacı olmasa da, müttəfiqlərdən açıq dəstək gözləyirdi.

NATO Baş katibi Mark Rutte isə görüşdə Trampın müdafiə xərclərinin artırılmasında rolunu vurğulayıb. “Reuters” yazır ki, Rutte Avropa ölkələri və Kanadanın Trampın ilk prezidentlik dövründən bəri müdafiəyə əlavə olaraq təxminən 1,2 trilyon dollar ayırdığını bildirib.

Rutte bu rəqəmləri “Trump trillion” kimi təqdim edib və bunun NATO daxilində müdafiə yükünün daha ədalətli bölüşdürülməsinə doğru atılan addım olduğunu deyib. O, Trampı “azad dünyanın lideri” adlandıraraq, ABŞ Prezidentinin alyans daxilində müdafiə xərclərinin artırılmasına təsirini önə çəkib.

Görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı da müsbət fikirlər səslənib. Tramp NATO sammitinə Ərdoğana hörmət əlaməti olaraq gedəcəyini bildirib və Türkiyə Prezidentini “dostu” və “hörmətli lider” adlandırıb.

ABŞ Prezidenti Ərdoğanın İranla müharibəyə qoşulmadığını qeyd edib və Türkiyə liderinin bu məsələdə kənarda qalmasını müsbət qiymətləndirib. Tramp Ərdoğanın Türkiyəni sevdiyini və ölkəsini yaxşı idarə etdiyini bildirib.

“Reuters” yazır ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində Tramp ilə ikitərəfli görüşün böyük ehtimalla baş tutacağını bildirib.