Şimali Koreyaya bağlı minlərlə İT mütəxəssisi saxta və oğurlanmış şəxsiyyət məlumatlarından istifadə edərək ABŞ şirkətlərində məsafədən işlərə düzəlir və Pxenyan üçün yüz milyonlarla dollar gəlir əldə edir.
MSNews.az xəbər verir ki, “The Wall Street Journal” bir il davam edən araşdırmasında Şimali Koreyanın ABŞ əmək bazarına daxil olmaq üçün istifadə etdiyi mexanizmləri izləyib. Nəşrin məlumatına görə, FTB hazırda ABŞ şirkətlərində iş axtaran belə şəxslərin sayının minlərlə olduğunu bildirir.
Araşdırmada izlənilən bir qrup cəmi üç aydan bir qədər çox müddətdə 1000-dən artıq şirkətə iş üçün müraciət edib. Onlar CV və motivasiya məktublarının hazırlanmasından tutmuş müsahibələr zamanı cavabların formalaşdırılmasına qədər süni intellekt vasitələrindən istifadə ediblər. “The Wall Street Journal” həmçinin bəzi namizədlərin şəxsiyyətlərini gizlətmək üçün süni intellekt əsaslı üz dəyişdirmə texnologiyalarından yararlandığını müəyyən edib.
Sxemin əsas elementlərindən biri ABŞ ərazisində qurulan “noutbuk fermaları”dır. Şimali koreyalı işçilər şirkətlərin göndərdiyi kompüterləri ABŞ-da saxlayan vasitəçilərə uzaqdan qoşulur və bununla işəgötürəndə əməkdaşın ölkə daxilində olduğu təəssüratı yaranır. ABŞ Ədliyyə Nazirliyi və FTB daha əvvəl belə şəbəkələrə qarşı əməliyyatlar keçirib; 2025-ci ildə 16 ştatda aparılan tədbirlər nəticəsində təxminən 200 kompüter və onlarla maliyyə hesabı müsadirə edilib.
“The Wall Street Journal”ın məlumatına görə, bəzi Şimali Koreya İT işçiləri eyni vaxtda bir neçə şəxsiyyət və iş yerindən istifadə etməklə ildə 300 min dollara qədər — təxminən 510 min manat qazana bilirlər. ABŞ hökumətinin son hesablamalarında bütün əməliyyatın illik gəlirinin 800 milyon dollara, yəni təxminən 1,36 milyard manata çata biləcəyi bildirilir. ABŞ Maliyyə Nazirliyinin məlumatlarına əsasən, xaricdə çalışan Şimali Koreya İT mütəxəssislərinin maaşlarının böyük hissəsi rejim tərəfindən mənimsənilir.
Vaşinqton bu gəlirlərin Şimali Koreyanın hərbi proqramlarının maliyyələşdirilməsinə yardım etdiyini bildirir. ABŞ Maliyyə Nazirliyi KXDR-in minlərlə xarici İT işçisindən əldə etdiyi vəsaitlərin ölkənin qanunsuz silah proqramlarının maliyyələşdirilməsində istifadə olunduğunu açıqlayıb. ABŞ Ədliyyə Nazirliyi də bu şəbəkələrin sanksiyalardan yayınaraq Şimali Koreyanın, o cümlədən silah proqramları üçün gəlir yaratdığını bildirir.
ABŞ hakimiyyəti son illərdə “noutbuk fermaları” təşkil edən və Şimali Koreya vətəndaşlarına saxta kimliklərlə işə düzəlməyə kömək edən şəxslərə qarşı bir sıra cinayət işləri açıb. 2025-ci ildə Arizona sakini Kristina Çapmanın yardım etdiyi sxemin 300-dən çox ABŞ şirkətindən 17 milyon dollardan artıq gəlir əldə etdiyi müəyyənləşdirilmişdi.