Şimali Koreya öz süni intellektini təqdim etdi – Siyasi suallar vermək qadağandır

Şimali Koreya “Hikmət mənbəyi” adlı yeni süni intellekt çat-botunu təqdim edib. Sistem elmi-texniki sualları cavablandırır və mətnləri tərcümə edir. Lakin istifadəçilərə siyasi və ictimai mövzularda suallar vermək qadağan olunub.

72

Şimali Koreya “Hikmət mənbəyi” (Fountain of Wisdom) adlı yeni süni intellekt çat-botunu ictimaiyyətə nümayiş etdirib. Sistem elmi-texniki suallara cavab vermək və mətnləri tərcümə etmək üçün nəzərdə tutulub. Lakin istifadəçilərə siyasi və ictimai mövzularda suallar vermək qadağan edilib.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Koreya üzrə ixtisaslaşmış “38 North” analitik platforması noyabrın 18-də məlumat yayıb.

Rəsmi adı “AI Service System 1.0, Fountain of Wisdom” olan proqram Kim İr Sen Universitetinin Süni İntellekt Texnologiyaları Tədqiqat İnstitutu və Pxenyanda fəaliyyət göstərən “Phurunhanul Trading Co.” şirkəti tərəfindən hazırlanıb.

Çat-bot oktyabrın 19–30-da Pxenyanda keçirilən milli informasiya texnologiyaları sərgisində nümayiş etdirilib. Şimali Koreya dövlət televiziyası noyabrın 17-də sistemin işləmə qaydasını göstərən görüntülər yayımlayıb.

Yeni süni intellekt Koreya və ingilis dillərində elmi-texniki sualları cavablandıra, mətnləri ümumiləşdirə və tərcümə edə bilir.

Maraqlıdır ki, proqramın istifadəçi interfeysi “ChatGPT”yə bənzəyir. Ekranın sol tərəfində əvvəlki söhbətlərin siyahısı, sağ tərəfində isə sual-cavab bölməsi yerləşir.

Lakin sistemin ən diqqətçəkən xüsusiyyəti istifadəçilərə tətbiq edilən məzmun məhdudiyyətləridir.

Proqramın ekranında belə bir xəbərdarlıq yerləşdirilib:

“Yalnız elm və texnologiya ilə bağlı suallar verilməlidir. İctimai-siyasi və qeyri-mədəni məzmunlu suallar verməyin. Sistemdən pis niyyətlə istifadənin nəticələrinə görə məsuliyyəti istifadəçi özü daşıyır”.

“Reuters” agentliyinin məlumatına görə, çat-botun daxil edilən sualları əvvəlcədən təhlil edərək müəyyən kateqoriyalara ayırdığı da müşahidə olunub. Bu mexanizm qadağan edilmiş mövzuların avtomatik filtrdən keçirilməsinə imkan verə bilər.

“38 North” analitikləri sistemin tamamilə Şimali Koreyada hazırlanmış süni intellekt modelinə əsaslandığını təsdiqləməyiblər. Onların fikrincə, proqramın əsasını “Google”un “Gemma” və ya “Alibaba”nın “Qwen” kimi açıq çəkili modellərindən biri təşkil edə bilər.

Ekspertlər Şimali Koreyada böyük məlumat mərkəzlərinin məhdud olmasının daha güclü süni intellekt modellərinin tətbiqini çətinləşdirə biləcəyini də qeyd ediblər.