Şimali Koreya lideri Kim Çen In Rusiyanın Kursk vilayətində tapşırıqları yerinə yetirdikdən sonra vətənə qayıdan Koreya Xalq Ordusuna məxsus 528-ci Mühəndis Alayını Pxenyanda keçirilən rəsmi mərasimlə qarşılayıb.
Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın məlumatına görə, Kim Çen In çıxışı zamanı alayın 120 gün davam edən xarici missiyanı hakim İşçi Partiyası tərəfindən verilmiş bütün göstərişlərə uyğun və tam şəkildə yerinə yetirdiyini bildirib.
Yayımlanan rəsmi görüntülərdə əsgərlərin təyyarədən enməsi, Kim Çen Inin əlil arabasında olan bir hərbçini qucaqlaması, eləcə də izdihamlı qarşılanma mərasimi əks olunub. Şimali Koreya lideri hərbçilərlə səmimi davranışı və təbəssümü ilə diqqət çəkib.
KCNA-nın açıqlamasına əsasən, 528-ci Mühəndis Alayı avqustun əvvəlində Rusiyaya göndərilib və Kursk vilayətində döyüş və hərbi mühəndislik tapşırıqlarında iştirak edib. Alay, Rusiyaya göndərilən təxminən 14 min Şimali Koreya əsgərindən ibarət kontingentin tərkib hissəsi olub.
Məqalədə Rusiyanın Müdafiə Nazirliyinin ötən ay yaydığı məlumata da istinad edilir. Həmin açıqlamada Kursk bölgəsində aparılan mina təmizləmə əməliyyatlarında Şimali Koreya hərbçilərinin fəal rol oynadığı qeyd olunub.
İki ölkə arasında mövcud olan qarşılıqlı müdafiə razılaşması çərçivəsində Şimali Koreyanın ötən il Kursk vilayətinə təxminən 14 min hərbçi göndərdiyi bildirilir. Mənbələrdə bu qüvvələrin təxminən 6 mininin döyüşlər zamanı həlak olduğu iddia olunur.
Bununla yanaşı, Kim Çen In alayın tərkibində doqquz əsgərin öldüyünü təsdiqləyərək bu itkini “ürəkdağlayan itki” kimi xarakterizə edib. Şimali Koreya lideri 528-ci Mühəndis Alayının “Azadlıq və Müstəqillik Ordeni” ilə təltif olunacağını da açıqlayıb.