Keçmiş şahzadə Endryu saxlanıldı

Britaniya mətbuatı keçmiş Şahzadə Endryunun ictimai vəzifədə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanıldığını yazır. Polis axtarışları və istintaq davam edir.

25

Britaniya mətbuatı milyarder Ceffri Epşteynlə yaxın münasibətləri ilə tanınan keçmiş Şahzadə Endryunun ictimai vəzifədə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə polis tərəfindən saxlanıldığını yazıb.

Xəbərlərə görə, Böyük Britaniya Kralı III Çarlzın qardaşı olan Endryu Mountbatten-Vindzor barəsində istintaq tədbirləri aparılır. Thames Valley Police” tərəfindən yayımlanan rəsmi açıqlamada bildirilib ki, istintaq çərçivəsində Norfolk bölgəsində yaşayan 60 yaşlarında bir şəxs saxlanılıb və Börkşir ilə Norfolkda bir neçə ünvanda axtarışlar aparılır. Saxlanılan şəxsin adı istintaqın gedişi və məhkəməyə hörmətsizlik riskləri səbəbindən açıqlanmır.

Polisin açıqlamasında rəis müavini Oliver Rayt bildirib ki, geniş qiymətləndirmədən sonra ictimai vəzifədə sui-istifadə iddiası üzrə rəsmi araşdırmaya başlanılıb və istintaqın tam obyektiv aparılması əsas prioritetdir. Qeyd olunub ki, iş cəmiyyətin böyük marağına səbəb olduğundan, əlavə məlumatlar yalnız uyğun vaxtda paylaşılacaq.

Britaniya mediası saxlanılma tarixinin – 19 fevralın – Endryu Mauntbatten-Uindzorun doğum gününə təsadüf etdiyini də vurğulayır.

Keçmiş Şahzadə Endryunun Epşteynlə əlaqələri ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə də yer alıb. Epşteyn qurbanlarından Virciniya Giuffr hələ 17 yaşında olarkən Endryu ilə münasibətdə olduğunu iddia etmişdi. Bu iddiaları rədd edən Mauntbatten-Uindzor daha əvvəl York hersoqu da daxil olmaqla bütün titullarından imtina etmiş, sonradan isə Kral Çarlzın qərarı ilə “şahzadə” titulu da əlindən alınmışdı.

Onun uzun illər yaşadığı “Royal Lodge” malikanəsi və Krallıq gəlirləri hesabına ödənən xərcləri Böyük Britaniyada ciddi ictimai və siyasi müzakirələrə səbəb olub. Liberal Demokratların lideri Ed Deyvi bu məsələ ilə bağlı parlamentdə istintaq komissiyası yaradılmasını təklif etmiş, Baş nazir Keir Starmer isə Krallıq mülkləri üzrə araşdırmanı dəstəklədiyini açıqlamışdı.

Artan təzyiqlərdən sonra Endryu Uindzor yaxınlığındakı iqamətgahını tərk edərək Kral Çarlzın şəxsi mülkiyyəti olan Sandringham Estate ərazisindəki bir fermaya köçmüşdü. Onun keçmiş həyat yoldaşı Sarah Ferqyusonun da Epşteynlə əlaqələrinin üzə çıxmasından sonra bir sıra xeyriyyə fondları fəaliyyətini dayandırmışdı.