Ukrayna üçün təhlükəsizlik zəmanətləri hüquqi öhdəliklərə çevrilə bilər

Paris sammiti öncəsi sənədə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanın mümkün hücumu halında məcburedici hüquqi öhdəlikləri əhatə edəcək.

30

Ukraynanın müttəfiqləri Parisdə keçiriləcək “İstəkli Ölkələr Koalisiyası” sammiti ərəfəsində Kiyev üçün təhlükəsizlik zəmanətlərinin hüquqi baxımdan məcburedici öhdəlikləri əhatə etməli olduğu barədə razılığa gəlməyə hazırlaşır.

Ukraynanın müttəfiqləri gələcəkdə Rusiyanın mümkün silahlı hücumu halında Kiyevə dəstək verilməsini nəzərdə tutan hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri üzərində razılaşmaq niyyətindədir. Bu barədə Parisdə keçiriləcək sammit öncəsi hazırlanmış bəyannamə layihəsində bildirilir.

Sənədə əsasən, bu öhdəliklərə hərbi imkanlardan istifadə, kəşfiyyat və logistik dəstək, diplomatik təşəbbüslər, eləcə də əlavə sanksiyaların tətbiqi daxil ola bilər. Lakin layihə hələlik “İstəkli Ölkələr Koalisiyası”na daxil olan dövlətlərin paytaxtları tərəfindən təsdiqlənməlidir.

Fransa paytaxtında keçirilən sammitdə 27-dən çox ölkənin liderinin iştirak edəcəyi gözlənilir. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner artıq Parisdə, Yelisey Sarayındadır.

Görüşün əsas məqsədi, Rusiya ilə mümkün atəşkəs razılaşması əldə olunacağı təqdirdə Ukraynanı sakitləşdirəcək və qoruyacaq təhlükəsizlik zəmanətlərinin mümkün qədər konkretləşdirilməsidir. Xatırladaq ki, Rusiya Ukraynaya 2014-cü ildə müdaxilə edib, 2022-ci ildə isə genişmiqyaslı işğala başlayıb.

Bəyannamə layihəsində vurğulanır ki, son həftələrdə təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr irəliləsə də, Moskva bu cür mexanizmləri qəbul edəcəyinə dair hələlik açıq siqnal verməyib.

Diplomatların sözlərinə görə, indiyədək diqqət əsasən Ukraynaya hərbi yardım və mümkün beynəlxalq təhlükəsizlik qüvvəsinin formalaşdırılması üzərində cəmləşmişdi. Lakin hazırda müzakirələr Rusiyanın mümkün yeni hücumu halında Kiyevə yardım göstərilməsini nəzərdə tutan hüquqi baxımdan məcburi zəmanətlərə yönəlib.

Eyni zamanda, belə zəmanətlər çərçivəsində hərbi cavab ehtimalı bir çox Avropa ölkəsində ciddi siyasi müzakirələrə səbəb ola bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdəki sammitdə iştirak edərək, Ukrayna, Avropa və ABŞ arasında vahid mövqenin formalaşdırılmasına çalışacaq. Bu mövqenin sonradan Rusiya tərəfinə təqdim edilməsi nəzərdə tutulur.

“Bu danışıqlar Ukrayna üçün daha çox müdafiə və güc təmin etməlidir. Biz tərəfdaşlarımızın dəstəyinə və xalqımız üçün real təhlükəsizliyi təmin edəcək addımlara ümid edirik,” – Zelenski Fransaya gələrkən “X” sosial şəbəkəsində yazıb.

Ukrayna uzun müddətdir bildirir ki, ölkə yalnız NATO-nun kollektiv müdafiə mexanizminə bənzər təhlükəsizlik zəmanətləri əldə edərsə, gələcəkdə Rusiyanın hücumunun qarşısını ala bilər. Moskva isə istənilən sülh razılaşmasında Ukraynanın hərbi alyanslara qoşulmasının qadağan edilməsini tələb edir.

Bəyannamə layihəsində həmçinin qeyd olunur ki, müttəfiqlər ABŞ-ın rəhbərliyi ilə yaradılacaq atəşkəsə nəzarət və yoxlama mexanizmində iştirak edəcəklər.

“Daimi və etibarlı atəşkəs monitorinq sistemi yaradılacaq. Bu mexanizm ABŞ tərəfindən idarə olunacaq və ‘İstəkli Ölkələr Koalisiyası’na üzv dövlətlərin töhfələri ilə beynəlxalq xarakter daşıyacaq,” – sənəddə bildirilir.

Layihə, eyni zamanda, Ukraynaya uzunmüddətli hərbi yardımın davam etdirilməsiniçoxmillətli təhlükəsizlik qüvvəsinin formalaşdırılmasını da nəzərdə tutur.