Ukrayna XİN: Putinin iqamətgahına hücumla bağlı Rusiyanın iddiaları yalandır

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyanın guya Putinin iqamətgahına hücumla bağlı iddialarını təkzib edib və beynəlxalq ictimaiyyəti təsdiqlənməmiş bəyanatlara reaksiya verməməyə çağırıb.

63

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyanın guya “Ukraynanın Vladimir Putinin iqamətgahına hücumu” ilə bağlı irəli sürdüyü iddiaları təkzib edərək bildirib ki, hadisədən təxminən bir sutka keçməsinə baxmayaraq, Moskva hələ də bu ittihamları təsdiqləyən heç bir inandırıcı sübut təqdim etməyib və təqdim etməyəcək.

Nazirin sözlərinə görə, belə bir hücum ümumiyyətlə baş verməyib:

“Heç bir hücum olmayıb. Sübut da yoxdur, çünki belə bir fakt mövcud deyil.”

Sibiqa Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Pakistanın sözügedən iddia ilə bağlı narahatlıq ifadə edən açıqlamalarından məyus olduqlarını və narahatlıq keçirdiklərini bildirib. O vurğulayıb ki, xüsusilə, təəccüblü məqam ondan ibarətdir ki, həmin üç ölkə 7 sentyabr 2025-ci ildə Rusiyanın real raket zərbəsi nəticəsində Ukrayna hökumət binasının vurulması ilə bağlı heç bir rəsmi mövqe ortaya qoymayıb.

Ukrayna XİN rəhbəri Rusiyanın uzun illərdir dezinformasiya və yalan bəyanatlara əsaslanan siyasət apardığını bildirib:

“Rusiya yalan bəyanatlarla zəngin tarixə malikdir – bu, onun firma taktikasıdır. 2022-ci ilin əvvəlində də Ukraynaya hücum etməyəcəyini iddia edirdi. Eyni zamanda, tez-tez başqalarını, əslində özünün etməyi planlaşdırdığı əməllərdə ittiham edir. Onun sözlərinə yoxlanışsız etibar etmək olmaz.”

Sibiqa qeyd edib ki, Rusiyanın əsassız və manipulyativ iddialarına verilən bu cür reaksiyalar Kreml təbliğatına xidmət edir və Moskvanı yeni zorakılıqlara və yalanlara təşviq edir.

Nazir beynəlxalq ictimaiyyətə müraciət edərək dövlətləri məsuliyyətli davranmağa səsləyib:

“Bütün ölkələri təsdiqlənməmiş iddialara reaksiya verməkdən çəkinməyə çağırırıq. Bu cür addımlar son dövrlər irəliləməyə başlayan konstruktiv sülh prosesinə zərbə vurur.”