“Pussy Riot” Rusiyada terrorçu və ekstremist siyahısına salındı

Rosfinmonitorinq "Pussy Riot" pank-qrupunu Rusiyada “terrorçu və ekstremist təşkilatlar” siyahısına daxil edib. Bundan əvvəl Moskva məhkəməsi qrupu ekstremist təşkilat kimi tanıyaraq fəaliyyətini qadağan etmişdi.

Rusiyanın Federal Maliyyə Monitorinqi Xidməti — Rosfinmonitorinq pank-qrup “Pussy Riot”u “terrorçu və ekstremist təşkilatlar” siyahısına daxil edib.

“RİA Novosti”-nin məlumatına görə, qurumun siyahısında “Pussy Riot pank-qrupu birliyi” milli bölmədə təşkilatlar sırasında göstərilib.

Qeyd edək ki, “Pussy Riot” 2011-ci ildə yaradılıb və Rusiya hakimiyyətinə qarşı siyasi-performans aksiyaları ilə tanınıb. Qrup 2012-ci ildə Moskvadakı Xilaskar İsa Məbədində keçirdiyi “pank-dua” aksiyasından sonra beynəlxalq gündəmə çıxmışdı. Həmin hadisədən sonra Nadejda Tolokonnikova, Mariya AlyoxinaYekaterina Samutseviç xuliqanlıq ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilmişdi; daha sonra Samutseviçin cəzası şərti cəza ilə əvəzlənmiş, Tolokonnikova və Alyoxina isə 2013-cü ilin dekabrında amnistiya ilə azadlığa çıxmışdı.

Bundan əvvəl Moskvanın Tver Rayon Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək “Pussy Riot”-u “ekstremist təşkilat” kimi tanımış və onun Rusiyadakı fəaliyyətini qadağan etmişdi. Məhkəmənin qərarı qapalı rejimdə keçirilən iclasda elan olunmuşdu.

“RİA Novosti” yazır ki, Rosfinmonitorinq reyestrinə daxil edilən şəxslər və təşkilatlar üçün media ilə əməkdaşlıq, internetdə informasiya yerləşdirmək, kütləvi tədbirlər təşkil etmək, seçkilərdə iştirak və vergi, əməkhaqqı, zərərin ödənilməsi kimi istisnalar xaricində maliyyə xidmətlərindən istifadə məhdudlaşdırılır.

“Pussy Riot”-un bir sıra üzvləri hazırda Rusiyadan kənarda yaşayır. 2025-ci ilin sentyabrında qrupun beş üzvü Rusiya ordusu barədə “saxta məlumat yaymaq” ittihamı ilə qiyabi olaraq uzunmüddətli həbs cəzalarına məhkum edilmişdi.