Peşmərgəyə maliyyə yardımı dayandırıldı

Beynəlxalq koalisiyanın İraq Kürdüstanındakı Peşmərgə qüvvələrinə maliyyə dəstəyi dördillik memorandumun müddətinin başa çatması ilə dayandırılıb. Ərbil yaranan maliyyə boşluğunun Bağdad tərəfindən qarşılanmasını istəyir.

12

İraq Kürdüstan Regional Hökumətinin Peşmərgə İşləri Nazirliyi ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Peşmərgə qüvvələrinə göstərdiyi maliyyə yardımının başa çatdığını açıqlayıb. Qərar yeni siyasi sanksiya ilə deyil, tərəflər arasında imzalanmış dördillik anlaşma memorandumunun müddətinin bitməsi ilə əlaqələndirilir.

MSNews.az xəbər verir ki, nazirliyin baş katibi general-leytenant Bəxtiyar Məhəmməd Sadiqin açıqlamasına əsasən, memorandum 21 sentyabr 2022-ci ildən 21 sentyabr 2026-cı ilədək qüvvədə olub. Avqust və sentyabr ayları üçün ayrılmış vəsait sentyabrın 24-də sonuncu ödəniş kimi paylanılıb.

Bu barədə “Al Jazeera” və “Asharq Al-Awsat” məlumat yayıb.

Maliyyə dəstəyinin başa çatması Peşmərgə qüvvələrinin uzun illər davam edən islahatlardan sonra vahid komandanlıq sistemi altında birləşdirilməsi fonunda baş verir. Kürdüstan Regional Hökumətinin rəsmi məlumatına görə, əvvəllər əsasən Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər İttifaqı (PUK) ilə əlaqəli olan 70-ci və 80-ci qüvvələrin vahid strukturda yenidən təşkili tamamlanıb.

Ərbil artıq İraqın federal hökumətindən beynəlxalq maliyyə dəstəyinin kəsilməsindən yaranan boşluğu kompensasiya etməyi istəyib. Peşmərgə rəhbərliyi qüvvələrin maaş və təminatının İraqın digər təhlükəsizlik qüvvələri ilə eyni səviyyəyə gətirilməsini tələb edir.

KDP liderinin media müşaviri Kifah Mahmud “Asharq Al-Awsat” nəşrinə açıqlamasında maliyyə yardımının dayanmasını “normal” proses kimi qiymətləndirib. Onun sözlərinə görə, dəstək əvvəlcədən müəyyən müddət üçün imzalanmış memorandum əsasında verilirdi və həmin sənəd artıq qüvvədən düşüb. Mahmud bildirib ki, yardımın böyük hissəsi Peşmərgə əməkdaşlarının maaş təminatına yönəldilib.

ABŞ Peşmərgəyə maliyyə dəstəyi ilə yanaşı, hərbi yardım da göstərib. Ötən il Bağdadın razılığı ilə kürd qüvvələrinə İŞİD qalıqlarına qarşı müdafiə imkanlarının gücləndirilməsi məqsədilə 24 ədəd 105 millimetrlik M119 haubitsası təhvil verilib. Silahların verilməsi İraqdakı bəzi siyasi qüvvələrin etirazına səbəb olmuşdu.

Maliyyə yardımının başa çatması beynəlxalq koalisiyanın İraqdakı missiyasının dəyişdirilməsi prosesi ilə də eyni dövrə təsadüf edir. Bununla belə, Peşmərgəyə maliyyə ödənişlərinin dayanmasının birbaşa səbəbi kimi ABŞ qüvvələrinin çıxarılması deyil, 2022-ci ildə imzalanmış memorandumun müddətinin bitməsi göstərilir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.