Norveçli tanınmış diplomatlar Mona Juul və Terje Rød-Larsenin 25 yaşlı oğlu Edvard Juul Rød-Larsen Oslodakı mənzilində ölü tapılıb. Norveçin “VG” nəşri ailənin vəkillərinə istinadən onun intihar etdiyini yazıb. Vəkillər ictimai müzakirələr və media təzyiqi fonunda ailənin ağır dövr keçirdiyini bildiriblər.
Hadisə ailənin mərhum maliyyəçi və cinsi cinayətlərə görə məhkum edilmişCeffri Epşteynlə əlaqələri ətrafında araşdırmaların gücləndiyi vaxta təsadüf edir. “Reuters”-in məlumatına görə, Norveçdə yayılan “Epşteyn faylları” qalmaqalı çərçivəsində Mona Juul və Terje Rød-Larsenin də adları araşdırma predmetinə çevrilib; sənədlərdə Epşteynin onların ailəsi ilə maliyyə və şəxsi əlaqələrinə dair detallar yer alıb.
Məlumatlara görə, Epşteyn vəsiyyətnaməsində Edvard və onun əkiz bacısı Emma üçün ümumilikdə 10 milyon dollar, yəni hər birinə 5 milyon dollar ayırmışdı. “Le Monde” daha əvvəl yazmışdı ki, Norveç hakimiyyəti diplomat cütlüyün Epşteynlə əlaqələri ilə bağlı araşdırma başladıb.
Norveç mediasında ailənin Edvard uşaq olarkən Epşteynin Karib dənizindəki şəxsi adasına səfər etməsi barədə də məlumatlar yayılıb. Bununla belə, bu səfərlə bağlı ortaya atılan mümkün istismar və ya başqa cinayət xarakterli ehtimallar rəsmi şəkildə təsdiqlənmiş fakt kimi təqdim olunmur. Ailənin vəkilləri Edvardın heç bir cinayətdə şübhəli bilinmədiyini vurğulayıb və onun adının ictimai spekulyasiyalara çəkilməsini tənqid ediblər.
Mona Juul və Terje Rød-Larsen Norveç diplomatiyasında və Yaxın Şərq sülh danışıqlarında tanınmış şəxslərdir. Onlar 1990-cı illərdə Oslo sazişləri prosesində mühüm rol oynamışdılar. Hər iki diplomat Epşteynlə bağlı iddialar üzrə qanunsuz hərəkət etdiklərini rədd edir.
Hadisə Norveçdə Epşteyn sənədləri ətrafında yaranan siyasi və ictimai qalmaqalı daha da dərinləşdirib. Ailənin vəkilləri mediaya müraciət edərək intihar hadisələrinin çox mürəkkəb səbəblərə bağlı olduğunu, bu faciənin sadə siyasi qalmaqal kimi təqdim edilməməli olduğunu bildiriblər.