Norveç Kralı V Harald 89 yaşında vəfat edib.
MSNews.az xəbər verir ki, Norveç Kral Evinin rəsmi açıqlamasına əsasən, monarx 28 avqust 2026-cı ildə saat 06:35-də Oslo Universitet Xəstəxanasının Rikshospitalet bölməsində dünyasını dəyişib.
Kral Evi Haraldın xəstəxanada sakit şəkildə vəfat etdiyini bildirib.
“Reuters” yazır ki, V Harald ölümündən əvvəl bakterial infeksiya səbəbindən xəstəxanaya yerləşdirilmişdi. O, ölümünədək Avropanın ən yaşlı fəaliyyətdə olan monarxı idi.
Harald 1991-ci ildə atası V Olavın ölümündən sonra Norveç taxtına çıxmışdı və ölkəyə 35 ildən artıq rəhbərlik edib. Konstitusiyalı monarxiya olan Norveçdə kralın səlahiyyətləri əsasən rəmzi xarakter daşısa da, Harald uzun hakimiyyəti dövründə milli birlik və sabitliyin simalarından biri kimi qəbul olunurdu.
Onun ölümündən dərhal sonra konstitusiya qaydalarına uyğun olaraq vəliəhd şahzadə Haakon taxta çıxıb. Yeni monarx VIII Haakon adını qəbul edib. Haakonun qızı İnqrid Aleksandra isə taxtın yeni vəliəhdi olub.
Norveçdə kralın ölümündən sonra milli matəm tədbirləri başlayıb. Minlərlə insan Oslo Kral Sarayının qarşısına toplaşaraq gül və Norveç bayraqları qoyub.
V Harald 21 fevral 1937-ci ildə anadan olub. O, İkinci Dünya müharibəsi illərində Norveç kral ailəsinin Almaniya işğalı səbəbindən ölkəni tərk etməsindən sonra uşaqlığının bir hissəsini xaricdə keçirib.
Kral Harald xüsusilə tolerantlıq, cəmiyyətdə müxtəliflik və milli birlik mövzusundakı çıxışları ilə yadda qalıb. Norveçin baş naziri Yonas Qar Störe və bir sıra xarici dövlət rəhbərləri onun ölümündən sonra başsağlığı veriblər.