Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026 üçün yekun heyəti açıqlayıb. Ən çox müzakirə olunan qərarlardan biri Neymarın siyahıya daxil edilməsi olub. 34 yaşlı hücumçu uzunmüddətli zədə problemlərinə və 2023-cü ildən bəri millidə oynamamasına baxmayaraq, Braziliyanın mundial heyətinə çağırılıb.
Ançelotti Neymarla bağlı qərarın emosional səbəblərlə deyil, futbolçunun fiziki durumu və son forması əsasında verildiyini bildirib. Neymar Braziliya millisinin tarixində ən məhsuldar futbolçudur və yığmada 79 qol vurub.
Braziliyanın hücum xəttində Neymarla yanaşı Vinisius Junior, Rafinya, Mateus Kunya və Endrik kimi futbolçular da yer alıb. Buna görə hücum zonasında rəqabət çox yüksək olub və bir sıra tanınmış adlar siyahıdan kənarda qalıb.
Heyətə düşməyən futbolçular arasında Antoni də var. “Real Betis”də güclü mövsüm keçirməsinə baxmayaraq, braziliyalı vinger mundial üçün 26 nəfərlik siyahıda yer almayıb. “Flashscore” da Neymarın heyətə daxil edilməsinin hücum xəttində rəqabəti artırdığını və Antoni ilə Joao Pedronun siyahıdan kənarda qaldığını yazıb.
Antoni son aylarda “Betis”də formasını bərpa etmiş və yenidən Braziliya millisinə qayıtmaq üçün ciddi namizədlərdən biri kimi göstərilirdi. “Goal.com” daha əvvəl onun İspaniya klubunda məhsuldar mövsüm keçirdiyini və bu performansın onu yenidən seleksiya müzakirələrinə qaytardığını yazmışdı.
Braziliya DÇ-2026-da “C” qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq. Komanda mundialdakı ilk oyununu iyunun 13-də Nyu-Cersidə Mərakeşə qarşı keçirəcək.