Almaniyanın “Şalke 04” klubu 2-ci Bundesliqada mövsümün bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirdikdən sonra qısa istirahət üçün İspaniyaya yollanıb. Almaniya mediasının məlumatına görə, komanda titulu qeyd etmək üçün İbizaya gedib.
“Bild” yazır ki, futbolçular və klub əməkdaşları bazar ertəsi İbizadakı lüks otellərdən birinə yerləşiblər və səfərə klub rəhbərliyi tərəfindən icazə verilib.

“Şalke” mayın 2-də “Fortuna Düsseldorf” üzərində 1:0 hesablı qələbə qazanaraq Bundesliqaya yüksəlişi təmin etmişdi. Həlledici qolu komandanın kapitanı Kenan Karaman vurub və bu nəticə Gelzenkirxen təmsilçisinin üç illik fasilədən sonra Almaniyanın ən yüksək liqasına qayıtmasını rəsmiləşdirib.
Daha sonra rəqiblərin xal itirməsi “Şalke”nin 2-ci Bundesliqada çempionluğunu da vaxtından əvvəl təmin edib. “T-online” yazır ki, klub son iki tur qalmış turnir cədvəlində əlçatmaz olub və 2022-ci ildə olduğu kimi Bundesliqaya 2-ci Bundesliqa çempionu kimi qayıdır.
Komandanın İbizaya səfəri azarkeşlər arasında zarafatla qarşılanıb. Səbəb isə qarşıda hələ “Nürnberq”lə səfər oyununun olmasıdır. “Nürnberq” – “Şalke” matçı 9 may şənbə günü saat 20:30-da keçiriləcək.
Almaniya mediası yazır ki, səfərin çərşənbəyədək davam etməsi planlaşdırılır və bundan sonra komanda yenidən məşqlərə qayıdacaq. Klub rəhbərliyi bu istirahətə icazə verib, çünki qarşıdakı oyun turnir baxımından “Şalke” üçün həlledici əhəmiyyət daşımır.