Netflix–Warner Bros. satınalma razılaşması tam nağd şəkildə keçiriləcək

"Netflix"-in "Warner Bros. Discovery"-ni satın almasına dair razılaşma tam nağd ödəniş əsasında yenidən tərtib edilib. Sövdələşmə WBD səhmləri üçün əvvəlki kimi hər səhmə 27,75 dollar dəyərində qalır və 2026-cı ilin aprelində səsverməyə çıxarılacaq.

88

“Netflix” ilə “Warner Bros. Discovery” arasında Warner Bros.-un satın alınmasına dair mövcud razılaşmanın tamamilə nağd ödəniş əsasında yenidən tərtib edildiyi açıqlanıb. Şirkətlərin birgə bəyanatında bildirilib ki, əməliyyat əvvəlki razılaşmada olduğu kimi WBD səhmləri üçün hər səhmə 27,75 dollar dəyərində qalacaq.

Açıqlamada qeyd olunub ki, WBD səhmdarları şirkətin bölünməsindən sonra “Discovery Global” səhmlərinin əlavə dəyərindən də yararlanacaqlar. Sövdələşmənin “Netflix”-in mövcud nağd vəsaitləri, kredit imkanları və əvvəlcədən razılaşdırılmış maliyyələşmə mənbələrinin birləşməsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Şirkətlər razılaşmanın yenidən qurulmasının əməliyyat strukturunu sadələşdirəcəyini, WBD səhmdarları üçün dəyər aydınlığını artıracağını və səsvermə prosesini sürətləndirəcəyini vurğulayıblar. Gözlənilir ki, bu dəyişiklik WBD səhmdarlarına 2026-cı ilin aprel ayına qədər sövdələşmə ilə bağlı səs vermək imkanı yaradacaq. Bu məqsədlə WBD artıq ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına müvafiq məlumat sənədlərini təqdim edib.

Məlumatda daha əvvəl elan edildiyi kimi, “Warner Bros. Discovery”-nin “Warner Bros.” və “Discovery Global” adı altında iki ayrı açıq səhmdar cəmiyyətinə bölünəcəyi, bu prosesin “Netflix”-in “Warner Bros.”-u satın almasından əvvəl 6-9 ay ərzində tamamlanmasının nəzərdə tutulduğu xatırladılıb. Yenilənmiş tam nağd əməliyyatın həm “Netflix”, həm də WBD idarə heyətləri tərəfindən yekdilliklə təsdiqləndiyi bildirilib.

Sövdələşmənin yekunlaşması “Discovery Global” ayrılmasının tamamlanması, müvafiq tənzimləyici qurumların razılığı, WBD səhmdarlarının təsdiqi və digər standart bağlanış şərtlərinin yerinə yetirilməsindən asılı olacaq. Şirkətlər rəqabət orqanları ilə əlaqələri davam etdirdiklərini və tənzimləyici qurumlarla sıx əməkdaşlıq etdiklərini də qeyd ediblər.

Xatırladaq ki, “Netflix” 5 dekabr 2025-ci ildə “Warner Bros.”-u film və televiziya studiyaları, eləcə də HBO və HBO Max platformaları daxil olmaqla 72 milyard dollar bazar dəyəri və 82,7 milyard dollar ümumi müəssisə dəyəri ilə satın almaq üçün razılaşma əldə etdiyini açıqlamışdı. Bu prosesdə “Paramount” şirkəti də alternativ təkliflə çıxış etmiş, lakin WBD İdarə Heyəti bu təkliflərin rədd edilməsini tövsiyə etmişdi. “Paramount”-un sonradan təqdim etdiyi yenilənmiş təklif də qəbul olunmamışdı.