Misirdə dünyanın ən böyük hərbi qərargahı kimi təqdim olunan “The Octagon” kompleksi istifadəyə verilib.
MSNews.az xəbər verir ki, kompleks Qahirənin şərqində yerləşən Yeni İnzibati Paytaxtda inşa edilib və Misirin yeni strateji hərbi komanda mərkəzi kimi fəaliyyət göstərəcək. “The Times of India” yazır ki, “The Octagon” təxminən 22 min akr ərazini əhatə edir və ölçüsünə görə ABŞ-dakı Pentaqondan daha böyükdür.
Kompleks Misirin hərbi idarəetmə sisteminin mərkəzləşdirilməsi və müdafiə infrastrukturunun modernləşdirilməsi məqsədilə yaradılıb. Layihə ölkənin dövlət qurumlarının Yeni İnzibati Paytaxta köçürülməsi üzrə daha geniş planın bir hissəsidir.
“The Octagon”un ümumi sahəsinin 34 kvadrat mil, yəni təxminən 89 kvadrat kilometr olduğu bildirilir. “Overview” platformasının məlumatına görə, kompleks 50,5 milyon kvadrat futluq planlaşdırılmış sahəyə malikdir və dünyanın ən böyük müdafiə qərargahı kimi təqdim olunur.
Qərargah səkkizbucaqlı memarlıq formasına görə “The Octagon” adlandırılıb. Kompleksdə Misir Silahlı Qüvvələrinin müxtəlif bölmələri üçün ayrıca binalar, komanda-idarəetmə mərkəzləri və müdafiə strukturlarının fəaliyyəti üçün nəzərdə tutulan inzibati obyektlər yerləşir.
Misir hakimiyyəti layihəni ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və müasir hərbi idarəetmə sisteminin qurulması baxımından mühüm addım kimi təqdim edir. Açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əs-Sisinin də iştirak etdiyi bildirilir.
“The Octagon”un istifadəyə verilməsi Misirin regionda hərbi-siyasi çəkisini nümayiş etdirmək və ordunun idarəetmə strukturunu daha müasir formatda qurmaq cəhdi kimi qiymətləndirilir.