“Mənim mədəm özünü yeyir”: məşhur biohaker sağalmaz xəstəliyini açıqladı

Ömrünü uzatmaq və qocalmanı ləngitmək üçün milyonlarla dollar xərcləyən amerikalı biohaker Brayan Conson autoimmun qastrit diaqnozu aldığını açıqlayıb. Bu xəstəlik immun sisteminin mədə toxumalarına hücum etməsi ilə xarakterizə olunur.

17

Özünü dünyanın ən ciddi tibbi nəzarət altında saxlanılan insanlarından biri kimi təqdim edən amerikalı biohaker Brayan Conson sağalmaz autoimmun xəstəliyə tutulduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, 48 yaşlı Conson autoimmun qastrit diaqnozu aldığını bildirib. O, sosial şəbəkədə paylaşımında xəstəliyi “mədəm özünü yeyir” sözləri ilə təsvir edib. “The Sun” yazır ki, autoimmun qastrit immun sisteminin mədə selikli qişasına hücum etməsi nəticəsində yaranan xroniki və hazırda tam müalicəsi olmayan xəstəlik hesab olunur.

Conson illərdir “Blueprint” adlı uzunömürlülük proqramı çərçivəsində qocalmanı ləngitmək, bədən göstəricilərini optimallaşdırmaq və bioloji yaşını azaltmaq üçün bahalı tibbi prosedurlar, xüsusi pəhriz, mütəmadi analizlər və ciddi həyat rejimindən istifadə edir. “Economic Times”ın məlumatına görə, o, bu məqsədlə ildə təxminən 2 milyon dollar xərcləməsi ilə tanınır.

Lakin aparılan müayinələr onun orqanizmində uzun müddət gizli qalan autoimmun problemin olduğunu göstərib. “The Australian” yazır ki, Consonda illərlə anemiya olmadan ferritin səviyyəsinin aşağı olması müşahidə edilib, daha sonra qan analizləri və mədə biopsiyası autoimmun qastritin erkən toxuma zədələnməsi ilə müşayiət olunduğunu təsdiqləyib.

Autoimmun qastrit zamanı immun sistemi mədədə turşu ifraz edən hüceyrələrə hücum edir. Tibbi mənbələrə görə, bu proses zamanla mədə toxumasının atrofiyasına, B12 vitamini və dəmir çatışmazlığına, anemiya riskinin artmasına və bəzi hallarda mədə xərçəngi riskinin yüksəlməsinə səbəb ola bilər.

Conson xəstəliyin diaqnozundan sonra da təslim olmaq niyyətində olmadığını bildirib. O, standart tibbdə bu xəstəliyin əsasən idarə olunduğunu, lakin özünün fərdi tibbi yanaşmalar, süni intellekt və molekulyar strategiyalar vasitəsilə problemin həll yollarını axtaracağını deyib. “The Australian”ın məlumatına görə, onun planına dəmir infuziyaları, B12 səviyyəsinin izlənməsi, müntəzəm biopsiyalar və ferritin kimi biomarkerlərin nəzarətdə saxlanılması daxildir.

Hadisə sosial şəbəkələrdə geniş müzakirə yaradıb. Bir çox istifadəçi bu diaqnozu hətta ən sərt sağlamlıq rejiminin belə nadir və xroniki xəstəliklərdən tam qoruma təmin etmədiyinin nümunəsi kimi qiymətləndirib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031