Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında kollektiv müdafiəni nəzərdə tutan Məkkə sazişi Yaxın Şərqdə formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasının mühüm elementlərindən biri ola bilər.
QAFSAM eksperti Novruzəli Yusubzadə MSNews.az-a açıqlamasında bildirib ki, saziş BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır və mahiyyət etibarilə kollektiv müdafiə mexanizmi yaradır.
“Bugünkü Məkkə sazişi BMT-nin 51-ci maddəsinə əsaslanan kollektiv müdafiə xarakterli razılaşmadır. Daha əvvəl də belə bir ittifaqın formalaşa biləcəyindən bəhs etmişdik. Son dövrdə Yaxın Şərqdə ABŞ-nin qurduğu ənənəvi təhlükəsizlik arxitekturası mərhələli şəkildə deqradasiyaya uğrayır. Səudiyyə Ərəbistanı regionun mərkəzində yerləşdiyindən bu prosesin təsirlərini ən çox hiss edən dövlətlərdən biridir”, – ekspert bildirib.
Yusubzadənin sözlərinə görə, Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq onsuz da yüksək səviyyədə olduğundan regional şərtlər Səudiyyə Ərəbistanını da bu təhlükəsizlik formatına yaxınlaşdırıb.
Ekspert ittifaqı tarixi paralellə izah edərək bildirib:
“Bu ittifaqı müəyyən mənada Bismarkın Rusiya və Avstriya-Macarıstanla qurduğu paktın modern versiyası kimi qiymətləndirmək olar. Burada güclü müdafiə sənayesinə malik Türkiyə, nüvə potensialı və böyük insan resursuna sahib Pakistan, həmçinin böyük maliyyə imkanları olan Səudiyyə Ərəbistanı var. Bu üç resurs bir araya gəldikdə ciddi çəkindiricilik potensialı yaradır”.
QAFSAM eksperti qeyd edib ki, razılaşmanın müdafiə xarakterli olmasına baxmayaraq, üzv dövlətlərdən birinə hücum digər ölkələrin avtomatik şəkildə müharibəyə daxil olması demək deyil.
“Bir tərəfə hücum digər tərəfə edilmiş hücum kimi qiymətləndiriləcək. Lakin mexanizm avtomatik işləməyəcək, hər bir ölkənin konstitusiyası və daxili hüquqi prosedurları nəzərə alınacaq. Yəni bir ölkəyə hücum olduğu anda digər dövlətlərin hərbçilərini avtomatik şəkildə həmin cəbhədə görməyəcəyik. Bunun məqsədi həm çəkindiriciliyi qorumaq, həm də lokal qarşıdurmanın lazımsız şəkildə regional müharibəyə çevrilməsinin qarşısını almaqdır”, – Yusubzadə vurğulayıb.
Onun fikrincə, ittifaqın əsas strateji maraq zonaları Hörmüz boğazı, Bab əl-Məndəb və Hind okeanı hövzəsidir.
“Bu coğrafiyalar beynəlxalq enerji və ticarət marşrutları baxımından kritik əhəmiyyət daşıyır. İttifaqın əsas məqsədlərindən biri də məhz bu xətt üzrə təhlükəsizliyi təmin etmək və tərəflər üçün əlavə çəkindiricilik yaratmaqdır”.
İran, İsrail və Husilər amili
Ekspert bildirib ki, yeni təhlükəsizlik mexanizmini birbaşa İran və ya İsrailə qarşı yaradılmış blok kimi təqdim etmək düzgün olmaz. Bununla belə, ittifaq regional qüvvələr balansına təsir göstərə bilər.
“İran və İsrail baxımından bu saziş yeni regional balans elementi yaradır. Praktik müstəvidə isə onun əsas təsirlərindən biri Husilər üçün əlavə çəkindiriciliyin formalaşması ola bilər”, – Yusubzadə deyib.
O, Husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında mövcud gərginliyin ittifaqın əhəmiyyətini artırdığını qeyd edib. Bununla belə, Türkiyənin birbaşa hərbi müdaxiləyə tələsməyəcəyini düşünür.
“Türkiyənin Husilərə qarşı aktiv hərbi mübarizəyə qoşulması son variantlardan biri olar. Ankara mümkün qədər birbaşa qarşıdurmadan yayınmağa, diplomatik, kəşfiyyat, müdafiə sənayesi və digər təhlükəsizlik mexanizmlərindən istifadə etməyə üstünlük verəcək”.
Azərbaycan ittifaqa qoşula bilərmi?
Yusubzadə Azərbaycanın gələcəkdə belə bir təhlükəsizlik mexanizminə qoşulmasını tam istisna etməsə də, hazırkı mərhələdə buna ehtiyac görmədiyini bildirib.
“Azərbaycanın gələcəkdə bu ittifaqa qoşulması istisna edilmir. Lakin bugünkü reallıq buna ciddi ehtiyac yaratmır. Azərbaycanın Türkiyə ilə onsuz da oxşar mahiyyət daşıyan strateji və hərbi müttəfiqlik münasibətləri mövcuddur”.
Ekspertin fikrincə, daha böyük təhlükəsizlik ittifaqına daxil olmaq əlavə müdafiə imkanları yaratsa da, kiçik və orta dövlətlərin xarici siyasətdə manevr imkanlarını məhdudlaşdıra bilər.
“Azərbaycan üçün Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə ayrı-ayrılıqda müxtəlif müstəvilərdə münasibətləri qorumaq daha məqsədəuyğundur. Yaxın Şərqdə balansı hər hansı bir tərəfin xeyrinə kəskin şəkildə dəyişmək Azərbaycanın milli maraqları baxımından risklər yarada bilər”.
Misir niyə ehtiyatlı davranacaq?
QAFSAM eksperti Misirin potensial üzvlüyünün də müzakirə oluna biləcəyini, lakin Qahirənin yaxın dövrdə ittifaqa aktiv şəkildə qoşulmasının çətin göründüyünü bildirib.
“Misir baxımından bu ittifaq müəyyən mənada cəlbedici görünə bilər. Lakin ölkənin mövcud xarici siyasəti, İsrailə coğrafi yaxınlığı və Bab əl-Məndəb bölgəsindəki maraqları onun daha ehtiyatlı davranmasına səbəb olacaq”.
Yusubzadənin sözlərinə görə, Misirin geosiyasi strategiyası yalnız Yaxın Şərqlə məhdudlaşmır.
“Misirin geosiyasəti Aralıq dənizi, Afrika buynuzu və Yaxın Şərq arasında balansın qorunmasına əsaslanır. Bu səbəbdən Qahirənin yaxın perspektivdə ittifaqın aktiv üzvünə çevriləcəyini gözləmirəm”, – ekspert yekunlaşdırıb.