Makron: “Avropa ABŞ təhlükəsizlik çətirindən asılılığın bədəlini ödəyir”

Fransa Prezidenti Emmanuel Makron İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammitində bildirib ki, Avropa ABŞ-ın müdafiə və təhlükəsizlik “çətiri”ndən həddindən artıq asılılığın bədəlini yaşayır.

10

Fransa Prezidenti Emmanuel Makron Avropanın ABŞ-dan müdafiə və təhlükəsizlik sahəsində həddindən artıq asılılığını açıq şəkildə tənqid edib. “Anadolu Agentliyi”nin məlumatına görə, Makron bu fikirləri mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Sammitində səsləndirib.

Fransa lideri bildirib ki, Avropa artıq strateji muxtariyyət məsələsini yalnız müdafiə və enerji sahələri ilə məhdudlaşdırmamalı, yarımkeçiricilər, kosmos, ərzaq təhlükəsizliyi və innovasiya zəncirlərini də bu yanaşmaya daxil etməlidir.

Makron çıxışında Avropanın son illərdə bir neçə böhran vasitəsilə öz zəifliklərini daha aydın gördüyünü deyib. Onun sözlərinə görə, COVID-19 pandemiyası tibbi avadanlıqlardan, Ukrayna müharibəsi Rusiya qazından, hazırkı beynəlxalq gərginliklər isə ABŞ-ın təhlükəsizlik təminatlarından asılılığın real qiymətini ortaya çıxarıb. “Müdafiə və təhlükəsizlik baxımından Amerika çətiri barədə danışarkən, biz həddindən artıq asılılıqlarımızın bədəlini yaşayırıq. Açıq danışaq, bu, otaqdakı fildir”, — deyə Fransa Prezidenti bildirib.

Fransa lideri həmçinin qeyd edib ki, Avropa davamlı strateji muxtariyyətə sahib olmaq istəyirsə, kritik sənaye sahələrində tam şəkildə başqa ölkələrdən asılı qala bilməz. Makron xüsusilə yarımkeçiricilər məsələsinə diqqət çəkərək, müdafiə sənayesində real müstəqillik üçün texnoloji və istehsal zəncirlərinin də Avropa daxilində gücləndirilməli olduğunu vurğulayıb.

Makronun çıxışı ABŞ-Avropa münasibətlərində təhlükəsizlik yükünün bölüşdürülməsi və Avropanın öz hərbi-sənaye potensialını artırması ilə bağlı müzakirələrin gücləndiyi dövrə təsadüf edir. Onun sözlərinə görə, Avropa ölkələri investisiyaları artırmalı, koordinasiyanı gücləndirməli, bəzi istehsal sahələrini yenidən qitəyə qaytarmalı və xarici tərəfdaşlıqları şaxələndirməlidir.

Fransa Prezidenti çıxışında Hörmüz boğazı məsələsinə də toxunub. Makron bildirib ki, Avropa ABŞ və İran arasında gərginlik fonunda etibarlı vasitəçi rolunu oynaya bilər. Onun sözlərinə görə, Avropa həm Vaşinqton üçün etibarlı tərəfdaşdır, həm də Tehran tərəfindən dinlənilir. Makron qeyd edib ki, Avropa diplomatik, hərbi, iqtisadi və maliyyə alətləri ilə Hörmüz boğazının “azad şəkildə yenidən açılmasına” töhfə verməyə hazırlaşır.