Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edib.
MSNews.az xəbər verir ki, Makronun Dəməşqə səfəri Bəşər Əsəd rejiminin 2024-cü ildə devrilməsindən sonra böyük Qərb liderinin Suriyaya ilk belə səfərlərindən biri kimi qiymətləndirilir. “Reuters“-in məlumatına görə, Fransa lideri iyulun 6-da Suriyaya gəlib və onu Dəməşqdə Suriya xarici işlər naziri Əsəd əş-Şeybani qarşılayıb.
Suriya prezident administrasiyası daha əvvəl bildirmişdi ki, Makronun səfəri ikitərəfli münasibətlərin gücləndirilməsi, ortaq maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədi daşıyır. SANA-nın məlumatına görə, Fransa Prezidenti Suriyaya investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət heyətlə gəlib.
Səfər çərçivəsində Emmanuel Makron və Suriya Prezidenti Əhməd əş-Şara iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaqlar. Müzakirələrdə regional təhlükəsizlik, biznes və investisiya imkanları, eləcə də Suriyanın müharibədən sonrakı bərpası əsas mövzular sırasında olacaq.
Makronla birlikdə Suriyaya Fransanın iri şirkətlərinin, o cümlədən “TotalEnergies” və CMA CGM rəhbərləri də gedib. Bu isə Parisin Suriyanın bərpası və infrastruktur layihələrində daha fəal iştirak etmək niyyətinin göstəricisi kimi dəyərləndirilir.
Makronun səfəri Suriyanın yeni hakimiyyətinin beynəlxalq legitimlik qazanmaq və ölkəyə xarici investisiyalar cəlb etmək cəhdləri fonunda baş tutur. Fransa lideri daha əvvəl, 2025-ci ilin mayında Əhməd əş-Şaranı Parisdə qəbul etmiş və Suriyaya qarşı sanksiyaların yumşaldılması istiqamətində dəstək göstərməyə hazır olduğunu bildirmişdi.
Məlumatlara görə, Makronun səfəri ilə əlaqədar Suriyanın yeni parlamentinin ilk iclası daha gec tarixə təxirə salınıb. Bu barədə Suriya tərəfinə yaxın mənbələr məlumat yaysa da, parlament iclasının yeni tarixi ilə bağlı hələlik rəsmi geniş açıqlama verilməyib.