İsrail Livanda “Hizbullah”a qarşı əməliyyatları genişləndirə bilər

"Channel 14"-ün məlumatına görə, Netanyahu və müdafiə naziri Kats Livanda “Hizbullah”a qarşı SAXAL əməliyyatlarının genişləndirilməsini təsdiqləməyə yaxındır.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatların ciddi şəkildə genişləndirilməsini təsdiqləməyə meylli olduğu bildirilir. İsrailin “Channel 14” telekanalının məlumatına görə, SAXAL “Hizbullah”ın infrastrukturu, binaları və qruplaşma ilə əlaqəli obyektlərinə qarşı geniş hücum planı hazırlayıb və siyasi rəhbərlikdən təsdiq gözləyir.

Bu məlumat Netanyahu tərəfindən Livanda “Hizbullah”a qarşı zərbələrin artırılacağı barədə açıqlamadan sonra yayılıb. “Reuters” yazır ki, Netanyahu İsrail ordusuna “Hizbullah”a qarşı hücumların intensivliyini artırmaq göstərişi verdiyini bildirib və hərbi əməliyyatların “daha da güclənəcəyini” vurğulayıb.

İsrail mediasının məlumatına görə, gözlənilən qərar təkcə konkret hədəflərin vurulması ilə məhdudlaşmayacaq, həm də atəş gücündən istifadə siyasətində dəyişiklik anlamına gələcək. Bu isə “Hizbullah”la əlaqəli sayılan obyektlərə daha genişmiqyaslı zərbələr endirilməsinə imkan verə bilər.

“Associated Press”in məlumatına görə, İsrail ordusu artıq Livanın müxtəlif bölgələrində “Hizbullah” obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Agentlik yazır ki, Netanyahu “Hizbullah”a qarşı “zərbələrin artırılacağını” bəyan etdikdən sonra İsrail hərbçiləri Bəkaa vadisi də daxil olmaqla bir sıra ərazilərdə qruplaşmanın mövqelərini hədəfə alıb.

Eskalasiya Livanla İsrail arasında ABŞ vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin kövrək qaldığı bir dövrdə baş verir. Aprelin 16-da elan edilən atəşkəsə baxmayaraq, tərəflər arasında qarşılıqlı hücumlar davam edir, “Hizbullah” İsrail mövqelərinə dron və raket zərbələri endirdiyini bildirir, İsrail isə bunu yeni əməliyyatlar üçün əsas kimi göstərir.

Netanyahunun son bəyanatından sonra Beyrutun cənub ətraflarında, xüsusilə “Hizbullah”ın əsas sosial-siyasi bazası sayılan Dahiya bölgəsində sakinlərin mümkün zərbələrdən ehtiyat edərək ərazini tərk etməyə başladığı bildirilir.

İran və ABŞ arasında regionda daha geniş atəşkəs və razılaşma danışıqlarının davam etdiyi vaxtda İsrailin Livanda əməliyyatları genişləndirməsi diplomatik prosesi daha da çətinləşdirə bilər. Tehran ABŞ-la danışıqlarda İsrailin Livandakı hücumlarının dayandırılmasını mühüm tələb kimi irəli sürür.